TQDK imtahanlara xeyli dəyişikliklərlə gedir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, ali məktəblərə ərizə qəbulu aprelin 1-dən 30-dək həyata keçiriləcək. II və III qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) mayın 17-si, I və IV qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) mayın 24-ü, I və IV qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) iyulun 14-ü, II və III qruplar üzrə isə qəbul imtahanı (cari ilin məzunları) iyulun 25-də keçiriləcək. Bəs bu il qəbul və buraxılış imtahanlarında hansı yeniliklər olacaq?
Buraxılış imtahanında şagirdlər 2 yox, 3 fəndən yoxlanılacaq
 
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.
Qəbul imtahanları üzrə tətbiq olunacaq yeniliklərə gəlincə, ali və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2015-ci ildən etibarən XI sinfi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında  orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.
Qabiliyyət tələb edən ixtisaslar V ixtisas qrupuna daxil ediləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 14 yanvar 2015-ci il tarixli qərarlarına əsasən bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılıb. V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla).
Ali təhsil müəssisələrinə qəbul imtahanları qəbul aparılan ixtisas qrupları üzrə aparılır. Abituriyent I, II, III və IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. Həmin ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Yəni abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Ekspert: “İxtisasları qabiliyyətli və qabiliyyətsiz olaraq qruplaşdırmaq olmaz”
 
Təhsil eksperti Nadir İsrafilov baş verən dəyişikliklərin görüntü yaratmaq məqsədi ilə həyata keçirildiyini deyir: “Son zamanlar TQDK imtahanlarda dəyişikliklər etdi. Amma sonra yenidən həmin köhnə şeyləri bərpa edib. Məsələn, buraxılış imtahanı zamanı 8 imtahanı ləğv edib 2 imtahan etdilər. 2 imtahan verən şagirdlərin bilik səviyyəsi isə tamamilə aşağı düşüb. Məsuliyyət hissləri demək olar ki, yoxdur. Təzədən imtahanların sayını artırıb 3 ediblər. Söhbət ondan gedir ki, dünya təcrübəsinə əsasən imtahanların sayı yenidən 8 olsun. İndidən ixtisas qruplarının sayını artırıblar. Ümumiyyətlə, ixtisas qrupları ləğv olunmalıdır. Qanunda təhsilin ifadəsi sistemləşdirilmiş bilik və bacarıqların, vərdişlərin formalaşdırılması və onun nəticəsinin əldə olunması kimi öz əksini tapır. Qabiliyyət imtahanı isə tamamilə artıq bir məsələdir. Bu, digər ixtisasları, peşə sahiblərini təhqir etmək deməkdir”.
N.İsrafilovun fikrincə, ixtisasları qabiliyyətli və qabiliyyətsiz olaraq qruplaşdırmaq olmaz. Ekspert deyir ki, təhsilimizin indiki duruma gəlib çıxmasının səbəbi yeni sistemin oturuşmasına imkan verməməyimizdir: “TQDK son statistik göstəriciləri açıqladı. Şagirdlərimizin, tələbələrimizin bu vəziyyətə düşməsinin səbəbi gündə bir qərarın qəbul olunmasıdır. Hazırda məktəb sistemi tamamilə dağıdılıb. Şagirdlər məktəbə getmir. Hamısı ixtisas üzrə hazırlaşır. Birinci sinifdən etibarən uşaqlar repetitor yanına getməyə başlayır, dar ixtisaslar üzrə hazırlaşırlar. Repetitor yanında hazırlaşan tələbələrin bir qismi qabağa gedir, digər bir qism isə savadsızlaşır. İxtisas qrupunda nəinki 5-ci qrupu yaratmaq, digərlərini ləğv etmək lazım idi. Biz o təhsil qanunvericiliyini qəbul edirik, ancaq təhsil qanunvericiliyinə əməl etmirik. Təhsil şəxsiyyətyönümlüdür. Orta ümumtəhsil məktəbinin vəzifəsi şəxsiyyət, vətəndaş hazırlamaqdır. Ali məktəbə tələbə hazırlamaq deyil. Biz isə bütün qüvvəmizi ali məktəbə tələbə hazırlamaq üçün sərf edirik”.
TQDK sədri abituriyentlərin sayının niyə azaldığını izah edir 
 
TQDK sədri Məleykə Abbaszadə “Gənclərin peşə seçiminin gender aspektləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb. Yalnız bunu demək kifayətdir ki, 2008-2014-cü illər ərzində bu azalma 16,44 faizə bərabər olub: “Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 16-31 faiz təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 56-63 faizdir”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here