TQDK Rezidenturaya qəbul imtahanının I mərhələsini keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirir.

İmtahan Bakı şəhərində 3 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.

Namizədlər martın 4-dən etibarən öz elektron ərizələrinə daxil olaraq “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər:
– “Namizədin imtahana buraxılış vərəqəsi”ni
– şəxsiyyəti təsdiq edən sənədin əslini

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2015-ci ilin iyul ayında keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here