Trampın vəkilindən üsyan xəbərdarlığı

Ağ Evin başçısı impiçment nəticəsində vəzifədən kənarlaşdırılarsa, ABŞ-da üsyan baş verə bilər.

Bu haqda ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani “Sky News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın qüvvədə olan prezidenti dəyişmək yalnız siyasi motivlər üzrə olar və bu halda Amerika xalqı üsyanı təşkil edəcək.

Daha əvvəl isə Donald Tramp ona qarşı impiçment elan edəcəkləri halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq etdi.

ABŞ KİV-lərinin yaydığı məlumata görə, dələduzluqda ittiham olunan Trampın keçmiş vəkili Maykl Koen avqustun 21-də özü könüllü Federal Təhqiqatlar Bürosuna (FTB) gedib. Bu, Koenin vəkilləri ilə prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə bank sferasında maxinasiyalar barədə ittihamlara aiddir.

Çərşənbə axşamı Trampın keçmiş vəkili Maykl Koen Nyu-York məhkəməsində ifadə verib. Onun sözlərinə görə, milyarderin şəxsi göstərişi ilə prezidentin seçkiqabağı fondu onun keçmiş məşuqələri – Stefani Klifford və playboy modeli Karen Maqduqala nüfuzuna xələl gətirilməməsi üçün pul ödəyib. Tramp Melaniya ilə evli olduğu halda həmin qadınlarla intim münasibətlərdə olduğu bildirilir.

“Əgər bu qadınlara pul ödəmək Makyl Koen üçün cinayətdirsə o zaman nəyə görə Donald Tramp üçün də cinayət sayılmasın?”- Koenin vəkili məhkəmədə sual edib.

CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəməyib, amma məhkəmə sənədlərində prezidentin adı “Şəxs-1” kimi keçir.

Əvvəlcə Tramp iddia edirdi ki, bu ödəmələr haqqında məlumatı yoxdur. Ancaq daha sonra KİV audioyazını dərc edib. Audioyazıya görə, o, ən azı bir ödəmə barədə xəbərdar idi.

Koenin həbs edildiyi gün Virciniya məhkəməsi onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortu 18 ittihamdan 8-i üzrə təqsirli bilib. Bura vergilərdən yayınma, maliyyə maxinasiyaları, xaricdə gizli bank hesabı açmaq ittihamları da daxildir. Manafort hazırda həbsdədir və onu uzunmüddətli cəza gözləyir.

Tramp Koeni istintaqla sazişi bağlamaq məqsədi ilə qanunları pozmaqda və yalan danışmaqda ittiham edib. O həmçinin bildirdi ki, Manaforta təzyiq göstərilmişdi.

Publika.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here