Türk Dünyasının inteqrasiyasını əngəlləyən iki mühüm amil

Mübariz Göyüşlü

Müasir İnkişaf İctimai Birliyinin sədri

Əslində bu məqaləni mart ayında hazırlamaq istəyirdim. Martın əvvəllərində Ankarada Türk Ocaqlarının təşkilatçılığı ilə Türk Dünyasına həsr olunan beynəlxalq konfransın iştirakçısı olan zaman oradakı çıxışlar və aparılan müzakirələrdə doğmuşdu belə bir yazı hazırlamaq istəyi. Sadəcə olaraq vaxt məhdudluğu imkan vermədi. Amma arada ötən vaxtda aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xətttində baş verənlər, Türkiyədə ard-arda törədilən terror hadisələri, Qazaxıstanda baş verən hadisələr və s. bu məqalənin ərsəyə gəlməsini sürətləndirdi.

Bir əsrdən artıqdır ki, Türk dövlətlərinin birliyi üçün nə qədər əziyyətlər çəkilir, nə qanlar tökülür, nə canlar fəda edilir. Bu birliyin baş tutması üçün səmimi şəkildə millətçilik ideyasına xidmət edənlər nə cəfalar çəkirlər, onlara qarşı cəbhə alanlar nə qədər fənd işlədir, qəddarlıqlar edirlər. Lakin zaman ötdükcə bu birlik xəyaldan gerçəyə çevrilməyə başlayır. 5 il bundan əvvəl yazdığım məqalədə qeyd etdiyim fikri yenə də təkrarlamağa ehtiyac var. Artıq illər uzunu xəyallarımızda yaşatdığımız Turan ideyası – siyasi müstəvidə zəif formada olsa belə reallaşıb. Bu ideya mərkəzi qərargahı İstanbulda yerləşən və dörd türk dövlətini sıralarında birləşdirən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının qismində reallaşıb. Bundan başqa parlamentlər Türk Dövlətlərinin Parlament Assambleyası, mədəni qurumlar TÜRKSOY, elmi qurumlar Beynəlxalq Türk Akademiyası adı altında birləşiblər. Digər istiqamətlərdə də çoxsaylı birliklərimiz qurulubdur.

Ötən hər gündə istər Türkiyədə, istər Azərbaycanda, istər Orta Asiyada Türk Birliyinə həsr olunan kifayət qədər çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli tədbirlər keçirilir, çıxışlar edilir, kitablar, jurnallar, məqalələr yazılır, TV-lər, radiolar, saytlar və s. fəaliyyət göstərir. Burada Macarıstan da daxil olmaqla Rusiyanın tərkibində olan muxtar türk dövlətlərini, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor təşkilatlarımızın da türklük uğrunda çalışmalarını qeyd etmək yerinə düşər. Əlbəttə bütün bunlar sevindiricidir və bunların sayını, keyfiyyətini daha da artırmaq lazımdır. Çünki biz hələ tam olaraq hədəfimizə çatmamışıq, qarşı tərəf hələ də bizdən kifayət qədər güclü və məkrlidir. Bir sözlə görüləsi çox işimiz var.

Amma bütün bu çalışmalarda ciddi nəticələr əldə etməyimizə mane olan iki məqam var. Mən bunu beynəlxalq və yerli konfranslarda iştirak edərkən səsləndirilən çıxışlardan sezmişəm. Bunları gözdən qaçırdığımız üçün bəzən həddən artıq enerji və pul xərcləyərək həyata keçirilən tədbirlərdən, qurulan təşkilatlardan lazım olan effekti ala bilmirik.

Birincisi, bir-birimizin gördüyümüz işlərdən məlumatsız olmağımız, əlaqələndirmə işinin demək olar ki, yox dərəcəsində olmasıdır. Bu çox ciddi bir problemdir. Məhz buna görədir ki, eyni mövzunu təkrar-təkrar müxtəlif şəkillərdə və yerlərdə, müxtəlif vaxtlarda müzakirəyə çıxarırırıq. Özü də bunları birimizin digərinin gördüyü işlərdən xəbərsiz şəkildə edirik və hər dəfəsində də prosesə yenidən başlamış kimi oluruq. Bu isə işin effektini və ciddiyyətini aşağı salır. İşin ən acınacaqlı tərəfi həmin işi görmüş şəxsin, təşkilatın bu işin yalnız onun tərəfindən edilməsini düşünmüş olması və onun tərəfindən edildiyini iddia etməsidir.

İkincisi, bir işin kifayət qədər hay-küylə və sanballı şəkildə başladılması, ən yaxşı halda zəif davam etdirilməsi, ən pis halda isə heç davam etməməsidir. Bu həmin işi görməməkdən daha pisdir. Çünki bu zaman işə könül vermiş həqiqi mənada Türk Dünyası sevdalısı saydığımız insanların əksəriyyətinin inamı qırılır, ideya gözdən düşür. Hazırda biz elə bir mərhələdəyik ki, artıq şüarçılığı arxada qoyub, sakit və təmkinlə çalışmalıyıq. Daha gözəl və ciddi nəticələri yalnız bu zaman əldə edə biləcəyik.

Bu problemlər yuxarıda adlarını sadaladığım qurumlardan tutmuş, beynəlxalq miqyaslı ictimai təşkilatlarımıza, yerli səviyyəli təşkilatlarımıza, KİV-lərimizə, bir sözlə hər birimizə aiddir. Bəzən əlaqələndirmə işinin və hay-küyün sanballı təşkilatların fəaliyyətlərində də gördüyümüz zaman bir xəyal qırıqlığı yaranmağa başlayır. Halbuki bir az diqqət, bir az səbr, bir az da ciddiyət və reklamdan qaçmaq daha böyük nəticələr əldə etməyimizə səbəb ola bilər. Daha çox gecikmədən əlaqəli, təşkilatlanmış, davamlı, ardıcıl fəaliyyətə doğru yürüməsinə ehtiyacı var Türk millətinin…

24 iyul 2016-cı il