Türkiyədə erməni lobbisi güclənir-nə etməliyik?

Qardaş Türkiyədə erməni lobbisinin fəaliyyəti hər zaman Azərbaycan tərəfini ciddi narahat edir. Rəsmi Bakının qardaş dövlət sandığı bir ölkədə ermənilərin lobbi fəaliyyətlərini genişləndirmələrinin qarşısını almaq üçün nələr etməli olduğu barədə müxtəlif fikirlər səslənir.

Erməni lobbisinin güclü olduğu xristian dövlətləri var ki, bunu haradasa başa düşmək çətin deyil. Çünki ən azından dinləri birdir, ortada xristian təəssübkeşliyi var.

Bəs dini, dili bir olan, yalnız ləhcə fərqləri olan, qardaş ölkə sayılan bir dövlətdə erməni lobbisi nə üçün bu qədər güclüdür?

Bu sual hər kəsi düşündürür. Burada Azərbaycan tərəfini də, Türkiyəni də günahkar sayanlar dolayısı ilə yarıbayarıdır. Azərbaycan telekanallarının qardaş ölkədə kifayət qədər nüfuzlu olmaması, Azərbaycan dilində mətbu orqanların fəaliyyət göstərməməsinin təsirlərinin olduğu göz önündədir. Təsadüfi deyil ki, Azərbaycanda qardaş ölkənin türkcəsini başa düşməyən yoxdur, amma orada dilimizi çətinliklə başa düşürlər. Bütün bu problemlərin aradan qaldırılmasının daim vacibliyi vurğulanır.

Bu ilin sentyabrında Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğal edilmiş Azərbaycan ərazilərinə səfər etmələrini də qeyd etdiyimiz problemlərin üstünə əlavə etmək olar. Yəni Türkiyədə tək erməni lobbisi güclü deyil, eyni zamanda bu lobbinin təsiri altına düşən türk vətəndaşlar da var.

“Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirdi ki, bəzi məsələlərdə özümüzə arxayınçılıq hiss edirik: “Bu gün Türkiyədən qardaş ölkə kimi istəklərimiz, umacaqlarımız çoxdur, buna da haqqımız var. Amma müşahidə etsəniz görərsiniz ki, son vaxtlar Türkiyədə erməni diasporu daha çox güclənib. Türkiyədən dörd vətəndaşın Dağlıq Qarabağa qanunsuz səfəri var, bundan əlavə, türk yazarın “Qarabağ”ın şüarı ilə bağlı replikası oldu. Bu məsələlər son günlər daha da aktuallaşıb. Bu da onu göstərir ki, bizi öz içərimizdən, kürəyimizdən öz xəncərimizlə vurmaq istəyən erməni lobbisi çox aktivdir. Onlar yorulmaz və davamlı bir siyasət aparırlar. Biz yaxınlarda bir neçə QHT olaraq, Qarabağa qanunsuz səfər edən türk vətəndaşları barədə bəyanat qəbul etdik. Yaxın vaxtlarda bu cür tədbirlərimizi davam etdirəcəyik. Çalışmalıyıq ki, türk cəmiyyətini daha çox maarifləndirək. Biz bir millət, iki dövlət olsaq da, hər bir millətin öz düşüncələri olur. Azərbaycan diasporu, ictimai şəxslər olaraq, Türkiyə deyib orada rahatlaşmağımız düzgün deyil. Biz yenə də təbliğatımızı, fəaliyyətimizi Türkiyədə artırmalıyıq.

Türkiyə qardaş ölkədir, türkdür deyib arxayınlaşmaq olmaz, hər bir dövlətin də öz maraqları var. Unutmayaq ki, Türkiyə bu tipli məsələlərdə daim beynəlxalq aləmin qınaq obyektinə tuş gəlir. Biz Türkiyədə daha çox çalışıb, təbliğat aparıb ictimaiyyət nümayəndələrinin ölkəmizə gəlişlərinə nail olmalıyıq. Biz Türkiyədə getdiyimiz zaman şahidi oluruq ki, orada biz düşündüyümüz qədər heç də bizi tanımırlar. Bizim Gürcüstan, Rusiya, Avropa ölkələrində bu məsələləri qaldırmağımız çətindir. Amma Türkiyədə bu məsələləri qaldırmağımız bir qədər asandır. Çünki İslam faktoru var, həm də eyni dildə danışırıq. Hər şeyi Türkiyənin boynuna atmaq olmaz. Biz nə edirik? Hansı tərəfdən tədbirlərimizi artırırıq? Bu suallar üzərində düşünmək lazımdır. Yaxın vaxtlar biz öz dədə-baba yurdlarına yaxınlarının məzarlarını ziyarətə getdikləri üçün girov tutulan və qondarma respublikanın məhkəməsinin  qərarı ilə mühakimə edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ciddi kampaniyaya başlayacağıq. Açığı, bu tədbiri Türkiyədə də etməyi düşünmürük. Amma orada da etmək vacibdir. Biz düşünürük ki, bu tədbiri Rusiya və Avropa ölkələrində edək, yəni Türkiyəni üçüncü plana keçiririk. Buna səbəb də Türkiyəni özümüzünkü saymağımızdır. Əsas səbəb məhz bu düşüncəmizdir”.

“Hilal” sədri dilimizin Türkiyədə daha asan başa düşülməməsinin də ciddi problem olduğunu söylədi: “Biz Anadolu türkcəsində danışmağa bəzən çətinlik də çəkmirik. Amma onlar bizim ölkəyə gələndə dilimizdə danışa bilmirlər və sonda Anadolu türkcəsində danışmağa davam edirlər. Bu arxayınçılıq tək bizdə deyil, Türkiyədə də var, eləcə də, Qazaxıstan, Özbəkistan kimi digər türk dövlətlərində də var. Bu arxayınçılıqlar bizim qəlbimizdə olduğu üçün təbliğatımızı nəinki artırırıq, əksinə, getdikcə azaldırıq. Sizin qaldırdığınız məsələni həyəcan təbili kimi dəyərləndirərdim. Türkiyə ilə düşünürəm ki, viza məsələsi aradan qaldırılmalıdır. Biz rahat gedib gəlməliyik. Gürcüstan vətəndaşları Türkiyəyə adı bir şəxsiyyət vəsiqəsi ilə gedə bilirlər. Amma Türkiyə tərəfi bura gələndə mütləq viza almalıdır. Bu problemi aradan qaldırmalıyıq. Gediş-gəlişin rahat olması üçün bütün maneələri qısa zamanda aradan qaldırmaq çox vacibdir. Bundan əlavə, telekanallarımız Türkiyədə baxımlı olmamalarının səbəblərini araşdırmalıdırlar. Verilişlərimiz, filmlərimiz o həddə çatmalıdır ki, türk cəmiyyəti üçün də maraqlı olsun. Qardaş ölkədə dilimizdə saytlar da yaratmaq olar. Telekanallarımıza Türkiyədə orada yaşayan azərbaycanlılar baxırlar. Burada ictimaiyyət nümayəndələrinin də rolu olmalıdır. Biz türk cəmiyyətinə göstərməliyik ki, biz buyuq, siz bizimlə daha yaxın olmalısınız. Təəssüf ki, Türkiyə ilə işləyən cəmiyyətlərimiz çox azdır, əksinə Avropa ilə işləyən cəmiyyətlərimizin sayı çoxdur. Qara dəniz boyu Gürcüstan sərhədinə baxsanız görərsiniz ki, orada yaşayan türklər az qala gürcü dilində danışmağa başlayıblar. Gürcülər də həmçinin, türk dilində danışmağı bacarırlar. Amma bəzən Azərbaycan və Türkiyə türkü bir-birini anlamağa çətinlik çəkir”.

“Yeni Müsavat”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here