“Ulu öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü təsis etməklə vacib bir siyasi xəttin təməlini qoydu”

Birinci vitse-prezidentin köməkçisi, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevlə müsahibəni təqdim edirik: 
– Yusuf müəllim, Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə 2 fevral tarixi Azərbaycanda  Gənclər Günü kimi qeyd olunur. Sizcə, Gənclər Gününün təsis edilməsinin və hər il bu günün böyük təntənə ilə bayram kimi qeyd olunmasının  Azərbaycan gəncliyinin inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?
– Bu tarixin təsadüfi seçilmədiyini bilirik. 2 fevral 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Forumu keçirilmişdi. Bu müasir Azərbaycan tarixində dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin dönüş nöqtəsidir. Yenicə müstəqillik qazanmış, siyasi və sosial böhran dövründən, Qarabağ cəbhəsində ağır döşyüşlərdən çıxmış Azərbaycan gəncliyinin təmərküzləşməsinə, ölkənin inkişafı yolunda fəaliyyətinin koordinasiyasına böyük ehtiyac . Uzaqgörən siyasətçi Heydər Əliyev bunu yaxşı bilirdi və bu forumu keçirməklə, ondan bir qədər sonra Azərbaycanda Gənclər Gününü təsis etməklə, vacib bir siyasi xəttin təməlini qoydu. Onun əsasını qoyduğu gənclər siyasəti bu gün də davam edir, dövrün tələblərinə uyğun şəkildə icra olunur.
– Azərbaycan gəncliyi bu gün hərtərəfli şəkildə dövlətin qayğısı ilə əhatə olunub. Hazırda, Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri nədən ibarətdir?
– Bəli, haqlı olaraq qeyd edirsiniz ki, ölkəmizdə gənclər siyasəti prioritet sahələr sırasındadır. Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər gənclərin vətənpərvərlik ruhunun yüksək olması, onların yaxşı təhsilə yiyələnməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idman sahəsində uğurlarının daha da artırılması, məşğulluq, sağlamlıq, sosial və digər problemlərinin həllinə dəstək olmaqdır. Ölkə gəncliyinin innovativ potensialını nəzərə alaraq, bu istiqamətdə onların fəaliyyətini təşviq etmək, gənclərlə intensiv fikir mübadiləsi həyata keçirmək, ən əsası isə rəqabətə davamlı kadrların formalaşdırılması, hazırda qarşıda duran prioritet istiqamətlərdəndir. Azərbaycan gəncliyi öz gələcəyi ilə ölkənin gələcəyini bərabər görməli, bu gələcəyin daha gözəl olmasına inamlı olmalıdır.
– Yusuf müəllim, Azərbaycan Respublikası  siyasi, iqtisadi və hərbi potensialına görə regionun lider dövlətidir. Bu reallıq fonunda  Azərbaycan gəncliyinin peşəkarlığı, bilik və bacarığı ilə regionda lider gənclik statusu baxımından mövqeyi necədir? Və bu mövqeyi daha da gücləndirmək üçün gənclər üzərinə nə kimi vəzifələr düşür?
– Azərbaycan Respublikasının sadaladığınız istiqamətlər üzrə regionun lider dövlətinə çevrilməsində ölkə rəhbərliyinin fəaliyyəti ilə bərabər, vətəndaşlarımızın, o cümlədən gənclərimizin də rolu böyükdür. Azərbaycan gəncliyinin beynəlxalq idman yarışlarında, elmi konfrans və seminarlarda, biznes sahəsində uğurları göz qarşısındadır və bu göstəricilər Azərbaycanı gənclər siyasəti və idman məsələlərində regionun lideri edir. Azərbaycan ordusunda xidmət edən gənclərimiz, beynəlxalq koalisiyası tərkibində dünyanın qaynar nöqtələrində sülhyaratma missiyasını uğurla yerinə yetirirlər. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan gəncliyi öz bilik və bacarıqlarını reallaşdırmaq üçün müvafiq mühitlə təmin edilib. Dövlətimizin yaratdığı bu imkanlar sayəsində, ölkəmizin gəncliyinin regiondakı mövqeyi də ölkəmizin mövqeyi ilə paralel olaraq möhkəmlənməkdədir. Əlbəttə, bu mövqeyi daha da möhkəmləndirmək üçün durmadan çalışmaq lazımdır. Dünyada baş verən prosesləri yaxından izləmək, ziyanlı tendensiyaların vaxtında qarşısını almaq, müsbət təzahürləri isə ölkəmizin inkişafı naminə tətbiq etmək lazımdır.
– Yusuf müəllim, bu gün Azərbaycan Respublikasında yüzlərlə gənclər təşkilatı fəaliyyət göstərir. Siz gənclər təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bu gün gənclər, eləcə də gənclər təşkilatları öz üzərlərinə düşən vəzifəni necə yerinə yetirirlər?
– Gənclər təşkilatlarının çoxluğu ölkəmizdə yaradılmış azad, plüralist mühitin nəticəsidir. Hazırda istənilən qrup öz maraqlarına uyğun formada birləşə, həmfikirləri ilə bərabər təşkilatlana bilər. Həmçinin təşkilatların koalisiyalaşması da baş verir. Gənclər Təşkilatları Milli Şurası kimi bir birlik var. Ölkə rəhbərliyi isə bu təşkilatların inkişaf etməsi, onların ölkəmizin xeyrinə yönəlmiş fəaliyyətinə kömək məqsədilə lazımi dəstəyi verir. Bu mənada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətini qeyd etmək olar. O ki qaldı gənclər təşkilatlarının işlərinin qiymətləndirilməsinə, fikrimcə onların daha böyük işlər görmək üçün yaxşı potensialı var. Əminəm ki, gənclər təşkilatları fəaliyyətlərində daha aktiv olacaqlar, dövlətimizin onlara olan etimadını doğruldacaqlar.
– Gənclər təşkilatlarının daha səmərəli və koordinasiyalı fəaliyyətini təmin etmək üçün müvafiq dövlət qurumları nə kimi addımlar atır?
– Gənclər təşkilatları müstəqil olaraq fəaliyyət göstərirlər. Dövlət qurumları isə onların fəaliyyətinə lazımi dəstəyi verir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu hər il yüzlərlə layihəni maliyyələşdirir. Bu üsulla dövlət, gənclər siyasətinin həyata keçirilməsində QHT-lərin iştirakını təmin etməklə bərabər, gənclərin təşəbbüslərini dəstəkləyir. Ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə gənclər təşkilatlarının birləşməsinin şahidi oluruq. Məsələn, “Xocalıya ədalət” kampaniyası kimi ümummilli məsələlərdə demək olar bütün gənclər təşkilatları bərabər fəaliyyət göstərirlər.
– Yusuf müəllim, bu gün Azərbaycan Respublikası beynəlxalq müstəvidə idman dövləti kimi də böyük nüfuza malikdir. Azərbaycan dövlətinin gənclər və idman siyasətinin vəhdəti bu sahədə perspektiv üçün nə kimi nailiyyətlər vəd edir?
– Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının arxasında 20 ildən artıq davam edən məqsədyönlü dövlət siyasəti durur. Ölkə başçısı cənab İlham Əliyevin şəxsən Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi faktı, dövlətin idmana olan münasibətinin göstəricisidir. Ölkəmiz nəinki idmançılarının uğurları ilə tanınır, eləcə də böyük idman yarışlarının təşkilatçısı kimi nüfuz qazanıb.
Bütün görülən işlər sayəsində ölkəmiz müxtəlif nüfuzlu idman turnirlərinin ev sahibinə çevrilir. Bu isə öz növbəsində ölkəmizin müsbət imici ilə bərabər, onun turizm potensialının, iqtisadiyyatının inkişafı üçün geniş imkanlar yaradır.
Və sonda gənclərimizi 2 fevral Gənclər günü münasibətilə təbrik edirəm, Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzu edirəm!
Yap.org.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here