Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti müsbət nəticələr verməkdədir

Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti müsbət nəticələr verməkdədir. Bu gün həmin siyasət ümummilli lider Heydər Əliyev ideyalarının layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu fikirlər fevralın 4-də Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və “Liderlik Məktəbi”nin Gənclər Günü münasibəti ilə təşkil etdiyi görüşdə səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan görkəmli şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. Ulu Öndərin çoxşaxəli fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dünya məkanında özünə layiqli yer tutub. Azərbaycanın dünya miqyasında layiq olduğu yeri tutmasında məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, möhkəm iradəsi və zəngin dövlətçilik təcrübəsi dayanır.

Dahi şəxsiyyətin uzaqgörən strategiyasının onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan ombudsman E.Süleymanova deyib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb.

Ombudsman Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində də mühüm işlərin görüldüyünü qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaqların hüquqlarının qorunmasını, onların yüksək təhsil almalarını, bilik və bacarıqlarının artırılmasını, istedadlı uşaqların üzə çıxarılmasını daim diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev gənclərin bilik və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.

Qeyd edək ki, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və “Liderlik Məktəbi” 15 ildən artıqdır səmərəli fəaliyyət göstərir. Ötən dövrdə məktəbi bitirən 1500-dən artıq uşaq “Gənc Heydərçi” və lider kimi yetişib. Hazırda 17-ci tədris ilində “Liderlik Məktəbi”nə Bakının müxtəlif təhsil müəssisələrinin 100-dək şagirdi könüllü cəlb olunub. Eyni zamanda, 2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə ənənəvi olaraq keçirilən Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarında “Liderlik Məktəbi”nin üzvləri də fəal iştirak edirlər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here