Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən elmi sessiya keçirilib.

Sessiyanı institutun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın tarixi inkişafındakı müstəsna xidmətlərindən danışıb. Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə respublikanın ən çətin vaxtında gəldiyini deyən Gövhər Baxşəliyeva ulu öndərin ən qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu, xalqda gələcəyə böyük inam yaratdığını, qısa bir zamanda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu, regionda lider dövlətə çevirdiyini bildirib.

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini, 1993-cü ildə respublikada ilk görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.

Akademik bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, siyasi, iqtisadi, elmi, ədəbi, mədəni sahələrdə bir çox uğurların əldə edildiyini vurğulayıb.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova tədbirdə çıxış edərək ulu öndərin ölkəmizdə bütün sahələrin inkişafında əvəzsiz xidmətlərindən söz açıb, elm və təhsil sahəsində əldə edilən uğurların təməlində ümummilli liderin diqqət və qayğısının dayandığını söyləyib.

Sonra Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyevin “Heydər Əliyev və türk dünyası”, institutun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin “Heydər Əliyevin Şərq siyasətində İran”, Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin “Heydər Əliyevin azərbaycançılıq ideyasında Cənubi Azərbaycan” və Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının “Heydər Əliyev və müsəlman Şərqi” mövzularında məruzələri dinlənilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here