UNAİDS: İHV-dən sağalma hadisəsi ümidverici olsa da, tam qələbə barədə danışmaq hələ tezdir

BMT-nin İHV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İHV-dən əziyyət çəkən xəstənin sağalmasını bəşəriyyətin bu ölümcül xəstəlikdən xilas oluna biləcəyinə ümid yaradan “böyük sıçrayış” adlandırıb.

Lakin bunu yaxın vaxtlarda gözləməyə əsas yoxdur. Ona görə də UNAİDS IHV-nin profilaktikası və müalicəsi barədə tövsiyələrə əməl etməyə çağırır.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, İHV-dən əziyyət çəkən xəstənin sağalması barədə xəbər Böyük Britaniyadan alınıb. 2016-cı ildə bir kişi orada Hockin limfomasından müalicə olunurdu. Müalicə məqsədilə nadir genetik mutasiyaya məruz qalmış bir donorun gövdə hüceyrələrindən istifadə edilib. Müalicəni Londondakı Universitet və İmperiya kolleclərinin mütəxəssisləri aparıb.

Eyni zamanda, İHV yoluxmuş bu pasiyent son 18 ayda antiretrovirus terapiyasından istifadə etmir, lakin tədqiqatçılar onda bu xəstəliyin əlamətlərini görmürlər. UNAİDS-in icraçı direktoru Mişel Sidib deyib: “İHV-nin müalicəsini tapmaq bizim arzumuzdur. Bu hadisə ümid etməyə əsas verir ki, gələcəkdə elm müvafiq vaksinin və ya müalicənin köməyi ilə QİÇS-in kökünü kəsməyə imkan verəcək, lakin görüləsi işlər hələ çoxdur”.

Sidib deyib: “Hazırda profilaktika və müalicə işləri üzərində qüvvələri cəmləşdirmək çox vacibdir. Gövdə hüceyrələrinin köçürülməsi çox mürəkkəb və bahalı prosedurdur. Onun fəsadları çox ola bilər. Hazırda İHV yoluxmuş bütün xəstələrə bu proseduru tətbiq etmək mümkün deyil, lakin londonlu pasiyentin sağalması faktı İHV proqramı ilə məşğul olan tədqiqatçılar üçün yeni imkanlar yaradır. Artıq ikinci dəfədir ki, xərçəngin müalicəsi üçün gövdə hüceyrələrindən istifadə edilməsi İHV-də qalib gəlməyə imkan verib. İlk belə hadisə 2007-ci ildə Berlində Timoti Rey Braun adlı pasiyentlə əlaqədar qeydə alınıb.

Hazırda İHV-nin zəmanətli müalicəsi yoxdur. UNAİDS İHV ilə yaşayan insanlar üçün bu xəstəliyin profilaktikasını və dəstəkləyici terapiyanı təmin etməyə çalışır. 2017-ci ildə dünyada 36,9 milyon İHV xəstəsi və 1,8 milyon yeni yoluxma halları qeydə alınıb. Onlardan yalnız 21,7 milyon nəfəri müalicə olunub, 1 milyon insan həmin ildə İHV-dən ölüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here