RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

UNEC-də hər bir tələbə müraciəti araşdırılır

17

UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib. UNEC-dən bildirilib ki, qış imtahan sessiyası dövründə rektor Ədalət Muradovun sədrliyi ilə hər həftənin şənbə günü keçirilən tədbirin məqsədi şəffaflığın daha da artırılması, sıravi vətəndaşların, həmçinin tələbələrin müraciətlərinin dinlənilməsi, araşdırılması və qaydalar çərçivəsində həll edilməsidir.

“Açıq qapı” günündə tələbələrlə yanaşı, hər bir vətəndaş üçün qapılarını açan UNEC-ə şəffaflığın və obyektivliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədilə ictimaiyyət nümayəndələri dəvət edilir və onların müraciətləri dinlənilir.

Tədbirdə İctimai Nəzarət Şurasının üzvləri – professor Şahlar Əsgərov, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, tələbə rektor Elmir Sadıqov iştirak ediblər.

Qeyd olunub ki, UNEC-də hər bir tələbə müraciəti dinlənilir, operativ sürətdə araşdırılır, mövcud qanunvericilik, qaydalar çərçivəsində zəruri addımlar atılır.

Müraciətlər əsasən sessiya zamanı intizam qaydalarını pozmuş, yenidən imtahan vermək istəyən tələbələrdən daxil olub. UNEC rəhbərliyi və İctimai Nəzarət Şurasının üzvləri hər bir müraciəti diqqətli dinləyib, əksər məsələlər yerindəcə müsbət həll edilib. Bəzi müraciətlər əlavə olaraq araşdırılması üçün UNEC-in müvafiq struktur bölmələrinə yönəldilib.

“Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı