“Unudulmayanlar” – Beynəlxalq Muğam Mərkəzinin yeni möhtəşəm layihəsi

Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar” adlı yeni iri miqyaslı layihəyə başlayır.

Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır. Layihə “Mədəniyyət” kanalının dəstəyi ilə keçiriləcək.

Layihənin açılışı 5 mart 2018-ci il tarixində baş verəcək və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məşhur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunacaq.

Qeyd edək ki, Qara Qarayevin 100 illiyi haqqında Prezident İlham Əliyevin 17 oktyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq ölkə daxilində və xaricdə yubiley tədbirləri keçirilir.
5 mart tarixində keçiriləcək konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu, əməkdar artistlər Nərgiz Kərimova və Aleksey Miltıx, məşhur ifaçılar Səidə Tağızadə, Ceyla Səyidova və Eldəniz Ələkbərzadə tərəfindən Q.Qarayevin əsərləri ifa olunacaq.

Layihə bir neçə il ərzində həyata keçiriləcək. İlk tədbirlərin tarixləri aşağıdakı kimi olacaq:

– 6 aprel – vokalist-xanəndə, Azərbaycan xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına həsr edilmiş gecə;
– 14 may – Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbülə həsr edilmiş gecə;
– 12 iyun – müğənni-xanəndə, Azərbaycan xalq artisti Sara Qədimovaya həsr edilmiş gecə.

Layihəyə məlumat dəstəyi Azərbaycan “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu, AzərTac, “Baku” jurnalı və həmçinin Trend.az, Day.Аz, Milli.Аz tərəfindən göstəriləcək.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here