“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər

Ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 nömrəli tam orta məktəbdə təşkil olunan növbəti görüşdə BŞTİ-nin müdir müavini Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.

Görüşdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev layihənin əhəmiyyəti barədə danışıb. R.Tağıyev bildirib ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır.

Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edən müdir müavini valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışıb.

Daha sonra valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunub. Valideynləri təşəbbüskar və daha fəal olmağa səsləyən metodistlər müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilib.

Görüşdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar da nümayiş olunub.

Qeyd edək ki, “Valideynin məktəbdə bir günü” adlı layihənin təşkil olunmasının əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here