“Vikipediya”da Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

Dünyanın ən böyük onlayn ensiklopediyası olan “Vikipediya”da Azərbaycanın ilk veb-saytı science.gov.az-ın yaranma tarixi, məqsəd və vəzifələri, həmçinin fəaliyyətinə dair məlumat yenilənib.

Mərkəzi Elmi Kitabxananın “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən yaradılan məqalədə bildirilir ki, science.gov.az 1995-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda akademik Əli Abbasovun rəhbərliyi altında www.ab.az adı ilə fəaliyyətə başlamışdır. Əsas məqsədi AMEA haqqında müvafiq məlumatların, onun coxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin akademiyanın əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir.

Materialda ölkədə fəaliyyət göstərən İnternet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardan olan science.gov.az-ın inkişaf mərhələlərinə də nəzər salınıb. Portalın yeni versiyasının hazırlanması, dizaynı və strukturunun yenilənməsinə dair məlumatlar yer alıb.

Qeyd olunub ki, bu elmi informasiya mənbəyi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Portal daim müşayiət olunur, məlumatlar yenilənir, təkmilləşdirilir və genişləndirilir. Burada dünya elmi məkanında baş verən yeniliklər də öz əksini tapır.

Məlumatda, həmçinin science.gov.az-ın işinin təşkili və portalın tədris bazası kimi fəaliyyətindən bəhs olunub. Bildirilib ki, ölkədə onlarla jurnalist, veb-dizayner və veb-proqramçıların yetişdirilməsi, veb-jurnalistika sahəsində kadr hazırlığı, o cümlədən İnternet-medianın praktiki əsaslarının öyrədilməsi sahəsində bu İnternet resursunun əvəzedilməz xidmətləri olmuşdur.

Qeyd edək ki, science.gov.az-da yerləşdirilən mühüm məlumatlar portalın “Facebook” və “Twitter” səhifələrində də operativ olaraq işıqlandırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here