“Vikipediyada Mətbuat Şurası üzvlərinin səhifələrinin yaradılması ən önəmli məqamlardandır”

“AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında milyondan çox zəngin və qiymətli sənədlərin kağız və elektron variantlarının mövcud olmasını, burada çoxsaylı tədbirlərin keçirilməsini, vikipediyadakı aktiv çalışmaları nəzərə alaraq onun çox ciddi bir informasiya daşıyıcısı olduğunu söyləyə bilərik. Mətbuat Şurasının (MŞ) da əsas işi dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin, etimadın möhkəmləndirilməsindən ibarətdir. Buna görə hər iki qurumun əməkdaşlığı təbii bir məsələdir”.

Bu fikirləri Azadinform-a MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MŞ ilə MEK arasında əməkdaşlığın əhəmiyyəti barədə danışarkən deyib.

O bildirib ki, MEK rəhbərliyi 2017-ci ilin fevral ayında MŞ və AMEA ilə birgə “İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı” adlı tədbiri təşkil etməklə hər iki təşkilatın əməkdaşlığının əsasını qoyub: “Əməkdaşlığın məntiqi nəticəsi olaraq tərəflər arasında Memorandum imzalandı. Biz media ilə sıx işbirliyində olan bir qurum kimi MŞ ilə əməkdaşlıqdan medianın informasiya dəstəyini gözləyirik. Belə ki, MEK tərəfindən görülən işlərə medianın informasiya dəstəyi verməsi nəticəsində daha çox şəxsi məlumatlandırmaq və onları MEK-in imkanlarından yararlanmağa cəlb etmək olar. Burada həyata keçirilən çoxsaylı fəaliyyətlərdən cəmiyyətimiz məhz medianın dəstəyi ilə xəbərdar ola bilər”.

“Azərbaycan mediasının fəaliyyətini tənzimləyən və kifayət qədər aparıcı bir mövqeyə sahib olan Mətbuat Şurası ilə əməkdaşlıq Memorandumunun imzalanması hər iki tərəfin elmi və mədəni irsə aid informasiyanın əldə edilməsi, toplanıb qorunması və yayılması sahəsində gördüyü işləri birləşdirəcək”, – deyən M. Göyüşlü əlavə edib ki, bundan sonra ictimai həyatın önəmli məqamlarında informasiya təminatı və təhlükəsizliyi üzrə addımların əlaqələndirilməsi güclənəcək: “MŞ-ya üzv olan redaksiyaların jurnalistlərinin araşdırmalar apardıqları zaman MEK-də mövcud olan elmi mənbələrlə təmin edilməsi, vikipediyada MŞ üzvlərinin səhifələrinin yaradılması məsələləri ən önəmli məqamlardandır. Hesab edirəm ki, bunlar mətbuatımızın inkişafında mühüm rol oynaya biləcək məqamlardır”.

Görüləcək işlər barədə danışan müdir qeyd edib ki, MEK tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi həyata keçirilir: “Layihə çərçivəsində MŞ tərkibində olan redaksiyaların mətbu nümunələrinin PDF variantlarının MRY bazasında toplanılması prosesini genişləndirməyi düşünürük. Bununla da Azərbaycanın aparıcı mətbuat orqanlarının etibarlı elektron bazasını təşkil etmiş olacağıq. Bu işdə də MŞ-nin dəstəyi lazımdır”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here