Virtual şirkətdə təcrübə keçmək istəyənlərin nəzərinə

Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən və maliyyə-mühasibat xidmətləri sahəsində ixtisaslaşmış virtual şirkətində təcrübə keçmək üçün qəbul başlayır. Şirkətə qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Dialoq.info xəbər verir ki, müsahibədə Uçot-iqtisad və Maliyyə fakültəsinin III və IV kursunda, eləcədə bu ixtisaslar üzrə təhsil alan magistrlar iştirak edə bilərlər.

Müsahibənin nəticəsi olaraq seçilən 10 nəfər şirkətə təcrübəyə götürüləcək və onlar müxtəlif təlimlər keçilməklə əmək bazarının tələblərinə müvafiq olaraq hazırlanacaqlar.

Müsahibədə iştirak etmək üçün CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun “subject” bölməsində “virtual company” sözünü qeyd etməyi unutmayın. CV-lərin qəbulu 23 oktyabr 2014-cü il tarixinədək davam edəcəkdir.

Əlaqə telefonu: +99 412 497 71 35, ADİU Karyera Mərkəzi

Qeyd: Hazırda dünyanın bir çox ölkələrində yaradılan virtual təcrübə müəssisələri interaktiv tədrisi yaxşılaşdırmağa, tələbə və məzunların öz ixtisasları ilə bağlı əmək bazarında işgüzar bacarıqlar qazanmasına və onları inkişaf etdirməsinə yönəlib. Tələbə və məzunlar virtual təcrübə müəssisələrində özlərini sanki real iş yerində olduğu kimi hiss edərək, öz ixtisaslarını praktik şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Layihə eyni zamanda biznes vərdişlərinə yiyələnmə sahəsində tələbə və məzunlar arasında rəqabət mühitini formalaşdıracaq. Bu isə onların gələcəkdə əmək bazarına daxil olmasını xeyli asanlaşdıracaq.

Xatırladaq ki, Azərbaycan artıq 2013-cü ilin yanvar ayından sayı 7500 olan virtual müəssisələrin üzvlər şəbəkəsinə qəbul olunub.  Azərbaycanda bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının təşəbbüsü ilə reallaşdırılır.