Xaçmazın turizm zonasında yaşayan 2 minə yaxın abonent üçün ilk dəfə qaz xətti çəkilir

Xaçmazın turizm zonasında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması işləri yekunlaşmaq üzrədir.

Nabran qəsəbəsi də daxil olmaqla, turizm zonasına aid 19 yaşayış məntəqəsinin qazlaşdırılması işləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən həyata keçirilir.

Artıq rayonun Xanoba, Tel, Yaquboba, Səlimoba və Günəşli kəndlərinin qazlaşdırılması başa çatdırılaraq, 700-ə yaxın abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

Təbii qazla təmin olunan 5 kəndlə yanaşı, Nabran qəsəbəsi, Meşəli, Pərdiqıran, Vələmir, Aşağıoba, Aslanoba, Seyidli, Sahillər, Dalğalı, Şimali, Turist, Samurçay, Xuray, Çax-Çaxlı kəndlərində də qaz çəkilişi yekunlaşmaq üzrədir.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kəndlərdəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılır.

İşlər başa çatdıqdan sonra 19 yaşayış məntəqəsində, ümumilikdə, 2 minə yaxın abonent təbii qazdan istifadə edəcək.

İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır. Bu səbəbdən soyuq aylarda, demək olar, əksər obyektlərin fəaliyyəti məhdudlaşır. Amma yaxın günlərdə bu çətinliklər arxada qalacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here