Xalq yazıçısı Çingiz Abdullayev Kitab evində öz sevənləri ilə görüşüb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin 1 saylı filialında xalq yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevlə görüş keçirilib.

Görüşdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Sabunçu rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar şöbənin baş məsləhətçisi Səmərqənd Əlizadə, tələbələr və yazıçının oxucuları iştirak ediblər.

Görüşün aparıcısı Tərlan Akçay Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığından söz açıb. Bildirib ki, Çingiz Abdullayevin əsərləri nəinki Azərbaycan, eləcə də dünyanın bir çox dillərinə tərcümə olunaraq böyük məhəbbətlə oxunur.

Xalq yazıçısı yaradıcılığının əsas istiqamətləri barədə danışıb, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib, onların şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətinin vacibliyini vurğulayıb. Həm fərd, həm də dövlət olaraq güclü olmanın tək yolunun keyfiyyətli təhsil olduğunu bildirib.

Çingiz Abdullayev oxucuların suallarını ətraflı cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onu sevənlərlə xatirə şəkilləri çəkdirib.

Trend