RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

43

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas alim, ictimai xadim və pedaqoq, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı İsmayıl Şıxlının zəngin irsindən, obrazlar qalereyasından, əsərlərinin bədii-estetik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, görkəmli alim öz yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni səhifə yazmış söz ustadlarından biridir.

Sonra Kürdəmir rayon 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor xəzinəsindən bəhrələndiyini, onun yaratdığı əsərlərdə dərin fəlsəfi mənanın olduğunu vurğulayıb.

Tədbirdə şairə Yadigar Təvəkkül, Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Mahmudova çıxış edərək yazıçının zəngin ədəbi-bədii irsi ilə bağlı fikirlər səsləndirib, onun fəaliyyətinin bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsi olduğunu söyləyiblər.

Daha sonra Kürdəmir rayon Mərkəzi Kitabxanasının əməkdaşları Məhinə Şirəliyeva və Məryəm Əliyeva yazıçının sevilən əsərlərindən seçmələr səsləndiriblər.

Sonda İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilmiş eyniadlı filmdən fraqmentlər nümayiş etdirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı