Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsi keçirilib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xatirə gecəsində iştirak edib

Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.

Xalq Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazaraq, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək xasiyyətlərini oxucuya çatdırırdı. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərirdi. Hamının sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari müəllifi də Maqsud İbrahimbəyov olub.

Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başladı. “Maqsud hamıya gülümsəyir” adlı gecədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud İbrahimbəyovun doğmalarının, dostlarının, onun istedadının pərəstişkarlarının toplaşdığını deyərək, yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız gülüşünü bəxş etdiyini bildirdi. O, Prezident İlham Əliyevin yazıçının 70 illik yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı həyatda ikən qiymətləndirmək lazımdır” sözlərini xatırladı.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xatirə gecəsində çıxış etdi.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here