Xanımlarımızın “Günü” mübarək olsun!..

Qadın… Eyni zamanda övlad, bacı, həyat yoldaşı, ana kimi nəcib statuslara sahib olan dünyanın ən zərif məxluqu… Sadalanan statusların hər biri bəşəriyyətin ən zərif vücuduna qarşı hər kəs tərəfindən xüsusi münasibət, diqqət və qayğı tələb edir, əsasən də kişilər tərəfindən. Hər bir qadının sevilib hörmət edilməyə, mehriban və səmimi münasibətə, qayğıya ehtiyacı var. Yalnız belə olduqda qadın özünü əsl mənada xoşbəxt hiss edir.

Qadına verilməsi gərəkən dəyərdən və özəl münasibətdən boş yerə söhbət açmadıq. Belə ki, bu yaxınlarda xalqımız heç bir dini və milli mahiyyəti olmayan bir “bayram”ı – 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edəcək, özü də böyük təmtəraqla, canfəşanlıqla… (həmişə olduğu kimi). Halbuki, dünyada hansısa gün “Qadınlar Bayramı” kimi qeyd edilməlidirsə, bu gün mütləq xanım Fatimənin (s.ə) dünyaya göz açdığı gün olmalıdır. Çünkı məhz bu mübarək gündə qadının taleyində misli görünməmiş inqilabi dəyişiklik baş verdi. Əziz İslam Peyğəmbəri (s) qadının “əlindən tutaraq”, cahiliyyət bataqlığından nicat verdi. Qadın bütün bəşəriyyətə İlahi əmanət kimi təqdim edildi, qadına olan istismarçı, həqarətli baxışlar köklü surətdə dəyişildi. İslama qədərki dövrdə kişi müqabilində heç vaxt layiq olduğu həqiqi məqamı tapa bilməyən, həmişə zəif, bərəkətsiz, bacarıqsız, lazımsız,…, “ikinci dərəcəli” ünsür kimi baxılan qadın mübarək İslamın gəlişiylə – Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək viladəti ilə – həqiqi dəyərini tapır, xeyir və nemət mənbəyinə, İlahi mərhəmət səbəbinə çevrilir. Bu baxımdan qadının əsl mahiyyəti, həqiqəti, dəyəri barədə hər bir düşünən beyin belə qənaətə gəlir ki, sözün tam mənasında qadın heysiyyətinin və şəxsiyyətinin, bütün qadınlıq cilvələrinin vücuda gəldiyi bərəkətli bir günü, insanlığın bütün həqiqətini özündə daşıyan, kamilliyin ən gözəl təcəssümü və qadınlıq simvolu olan xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum gününü kölgədə saxlayıb, hansısa “qondarma” 8 mart gününü “Qadınlar Günü” kimi qeyd etmək – ən azından ədalətsizlikdir. Hələ bu günün kökünü və nə səbəbdən məhz 8 mart günü olduğunu araşdıranda, bu “beynəlxalq bayram”a münasibət tamamilə dəyişir. Yeri gəlmişkən, bilənlər və bilməyənlər üçün “8 Mart” bayramının necə yaranmasını xatırlayaq:

Belə ki, “8 Mart Beynəlxalq Qadınlar Günü”nün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. İlk dəfə 8 mart 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. Azərbaycanın da bir vaxtlar daxil olduğu çar Rusiyasında isə ilk dəfə 1913-cü ildə dövlət səviyyəli bayram kimi gündəmə gəlib.

Bəs bu “bayram”ın kökü nədədir? Çox maraqlıdır ki, bəzi tarixçiləri və sosioloqları da ciddi düşünməyə vadar edən əsas məsələ bundan ibarətdir: nə üçün Klara Setkinin seçimi məhz 8 mart olub? Axı nə qadın mübarizliyi ilə bağlı önəmli bir hadisə, nə də heç bir tanınmış qadının doğum günü məhz martın 8-nə təsadüf etməyib?! Elə buna görə də Klara Setkinin seçimi geniş araşdırmaya səbəb olub və bəzi tarixçilərin fikirincə, 8 mart gününün təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ilin həmin gününün “qadın proletariatı”nın ad günü olması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq kifayətdir. Sən demə, yəhudi millətindən olan Setkinin təklif etdiyi gün – 8 mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşür (yəhudi təqvimində bu bayramın yeri dəyişir və onlarda bu bayram qadının ağlı və millətin özünümüdafiə haqlarını simvolizə edir).

Belə ki, Tövrat rəvayətlərinə görə, bizim eradan öncə 480-ci ildə yəhudilər Babil əsarətindən qurtuldular. Sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Lakin “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət İran şahını getdikcə narahat edirdi. İran ordusunun baş komandanı Aman İran şahı Kserksə bu barədə xəbər verir və şah bütün yəhudiləri qırmağı qərara alır. Lakin Kserksin arvadı – özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qərarını dəyişməyə nail olur və İran şahının qərarında yəhudilərin düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Nəticədə İran ordusu darmadağın edilir və Amanın qulağı kəsilir. Hətta bu gün belə Purim bayramında yəhudilər Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, qadın – inqilabçılar günü kimi effektli və ağıllı ideyanı irəli sürən Klara Setkinin təklifinin əsasında məhz onun şəxsi otivləri durub (bu haqda bu qədər geniş yazmaqda məqsəd 8 martın həqiqəti ilə tanışlıqdır).

Nədən biz “dünya qadınlarının həmrəylik uğrunda mübarizəyə çağırışı” ilə pərdələnən bir marksist qadının şəxsi maraqlarına söykənən günü əbədiləşdirməliyik? Halbuki, gerçək “Qadınlar Günü” üçün xanım Fatimeyi-Zəhra (s.ə) viladətindən iftixarlı və böyük gün yoxdur.

Və sonda sizə təqvimdə qadınlarla bağlı olan bütün tarixləri təqdim edirik:

1 mart – Rəngli qadınların bayramı (Amerika); 3 mart – Qızların bayramı (Yaponiya); 8 mart – Beynəlxalq Qadınlar günü; 21 mart – Analar günü (Misir, İordaniya, Livan, Suriya); 26 mart – Anaların bazar günü (Böyük Britaniya, İrlandiya); 4 aprel – Qadınlar günü (Tayvan); 7 aprel – Analıq və gözəllik günü (Ermənistan); 7 aprel – Qadınlar günü (Mozambik); 7 may – Analar günü (Macarıstan, İspaniya, Litva, Portuqaliya); 10 may – Analar günü (Latın Amerikasındakı əksər ölkələr və daha 8 ölkə); 14 may – Analar günü (Amerika və daha 23 ölkə); 1 iyun – Analar və uşaqlar günü (Monqolustan); 4 iyun – Analar günü (Fransa); 9 avqust – Milli Qadınlar günü (Cənubi Afrika Respublikası); 13 avqust – Qadınlar günü (Tunis);

26 avqust – Qadınların bərabərlik günü (ABŞ); 22 sentyabr – Amerikanın biznes xanımlarının günü; 22 oktyabr – Qayınanalar və baldızlar günü (ABŞ); 8 dekabr – Analar günü (Panama); 22 dekabr – Analar günü (İndoneziya). 

Əziz qadınlar! Budur sizin “seçim haqlarınız”…

Ən sonda mən Sizləri – bütün analarımızı, nənələrimizi, bacılarımızı, gəlinlərimizi və s. təbrik edirəm. Hər zaman sevin və sevilin…

 

Günay Məhərrəmova

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here