“XDMX MDB məkanında ən müasir maddi-texniki bazası olan qurumdur” – Vaqif Axundov

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyümüz uğrunda gedən döyüş əməliyyatlarında Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları da fədakarcasına iştirak edərək, qəhrəmanlıq nümunələri göstəriblər. Xidmətin çox sayda hərbi qulluqçusu şəhid və əlil olub, müxtəlif ali mükafatlara, o cümlədən Milli Qəhrəman adına layiq görülüblər.
Bunu Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi, general-polkovnik Vaqif Axundov XDMX-nın hərbi şəhərciyində yeni istifadəyə verilən Mədəniyyət Mərkəzində keçirilən təntənəli tədbirdə deyib.

Xidmət rəisi bildirib ki, qurumun şəxsi heyəti yarandığı dövrdən bəri dövlətçiliyin qorunması, təhlükəsizliyin təmini, ordu quruculuğu və digər dövlət əhəmiyyətli işlərdə fəal iştirak edib:

“Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Xidmətin şəxsi heyəti qarşıya qoyulan istənilən tapşırığı layiqincə yerinə yetirməyə qadirdir. Bunun əsasında dövlətimizin başçısının şəxsi heyətə göstərdiyi etimad, həmçinin şəxsi heyətin dövlətçiliyə olan sədaqəti dayanır”.

General-polkovnik Vaqif Axundov XDMX-nın vəzifə və səlahiyyətlərindən danışaraq qeyd edib ki, ölkəmizin neft-qaz ixrac kəmərlərinin mühafizəsinin Xidmətə həvalə edilməsi bu quruma olan etimadın göstəricisidir:

“Hazırda Xidmətdə çox təcrübəli kadrlar var və onların peşəkarlıq səviyyəsinin daha da artırılması üçün bütün şərait yaradılıb. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti MDB məkanında və regionda ən müasir maddi-texniki bazası olan qurumdur. Xidmətin əməkdaşlarının mənzil-məişət və sosial məsələlərinin həlli, onların sağlamlığı, idmanla məşğul olmaları və istirahəti də daim diqqət mərkəzindədir”.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here