Xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş növbəti kitabın təqdimatı keçirildi

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) informasiya dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın müəllifi olduğu “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə ədəbiyyatşünas-tənqidçi, AYB-nin üzvü Əsəd Cahangir açaraq, Musa Nağıyevin xidmətlərindən, onun Azərbaycan xalqına sonsuz sevgisindən danışdı. Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabın vacibliyini qeyd edərək, onun qəhrəmanının AXC hökümətinə maliyyə dəstəyi göstərməsindən, təhsilə qayğı və diqqətlə yanaşmasından və Bakıda Real məktəbi açdığından danışdı. O, M.Nağıyevin ölkəmizin səhiyyəsinə də xüsusi vəsaitlər ayırmasını qeyd etdi.

Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı kitabda maraqlı materialların olmasını vurğuladı. Veteran-teleaparıcı, Xalq artisti Ofeliya Sənani hər bir insanı vətənə sevgi hissi ilə yaşamağa çağırdı. Hüquq elmləri doktoru, professor Yəhya Əliyev kitabın böyük türk dünyasına xidmət etdiyini vurğulayaraq, müəllif D.Nağıyevaya Türk Xalqları Ümumdünya Konqresinin Fəxri fərmanını təqdim etdi. Fəxrəddin Meydanlı Musa Nağıyevin bəsirət gözü ilə dünyaya baxdığını bildirdi, onun idarəçilik bacarığını vurğuladı, D.Nağıyevanın yorulmnaz əməyinə yüksək qiymət verdi və Bəxtiyar Vahabzadənin “Barmaq” şeirini söylədi.

Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, qeyd etdi ki, “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabı qısa zaman ərzində oxucular tərəfindən sevildi, bu günə olan məlumata əsasən, kitabın elektron variantı 228 dəfə oxunmuşdur. O, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda D.Nağıyevanın 3 kitabının yerləşdirilməsi haqqında məlumat verdi və oxucuların kitaba böyük marağını nəzərə alaraq, kitabın rus və ingilis dillərinə tərcümə olunmasını təklif etdi. L.Məmmədova M.Nağıyevaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu kimi Fəxri fərman təqdim etdi.

AYB-nin Cənub şöbəsinin müdiri Salman Aruz milyonçunu təfəkkür və düşüncəsinə görə ziyalı adlandırdı və qeyd etdi ki, bu ənənə bu gün də davam etdirilməli, milli mədəniyyətin və təhsilin inkişafı üçün iş adamları vəsait ayırmalıdırlar. Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova kitabın və yazının güclü silah olduğu barədə fikirlər söylədi, müəllifin gərgin əməyindən danışaraq, onun maraqlı faktları kitab vasitəsilə ölkə ictimaiyyətinə çatdırılmasını bildirdi. Moskvadan gələn həmvətənimiz, ədəbiyyatşünas Solmaz İbrahimi Azərbaycan dilinin qorunması, ona həssas yanaşmağın vacibliyini bildirdi. O, qeyd etdi ki, müəllif çoxlu tarixi faktlar araşdıraraq, maraqlı nəticələrə gəlmiş, kitablar isə M.Nağıyevi əbədiyaşar etdi.

Təqdimat mərasimində kitabın ikinci redaktoru Bahar Qasımova, Qarabağ müharibəsi veteranı, polis mayoru Aidə Şirinova, şairə-qəzəlxan Gülarə Munis, folklorşünas İlhamə Qəsəbova, mədəniyyət sahəsinin veteranı Mirəhməd Əsgərov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Rizvan Şükürov, veteran-kitabxanaçı Zemfira Əliyeva, şairə Mərcan Şahbuzi, Səbail və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları, şair və yazıçılar, ziyalılar və elm adamları çıxış etdilər.

Tədbirin sonunda kitabın müəllifi Dilarə Ağamusa Nağıyeva-Muxtarova vətən sevgisi ilə yaşadığını bildirərək, Musa Nağıyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdı və bildirdi ki, onun ən böyük arzusu Musa Nağıyevin tikdirdiyi 98 binanın sayını 100-ə çatdırmaqdır. O, ölkə başçısına, Birinci vitse-prezidentə dərin minnətdarlığını bildirdi. Bütün tədbir iştirakçılarına səmimi və xoş arzularını çatdırdı.

Bu kitab xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş sayca 7-ci kitabdır.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here