RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Xocalı ayı çərçivəsində Gürcüstanın böyük şəhərlərində Xocalı həqiqətləri adlı tədbirlər həyata keçirdirik”-MÜSAHİBƏ

274

Nərgiz Əliyeva , Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri, mətbuat katibi, Gürcüstanda Xocalı ayı çərçivəsində aparılan təbliğat kampaniyasının koordinatoru.

 Nərgiz xanım,  Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin fəaliyyəti ilə bağlı oxuyucularımıza məlumat verərdiz zəhmət olmasa.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin yarandığı ilk gündən etibarən əsas hədəfi gənclərin inkişafına, Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, dövlət dilinin mənimsəməsi istiqamətində işlərin görülməsi olub. Bu günədək bizim təşkilat bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirib. Onlardan ən geniş layihələri vurğulamaq istərdim. Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün müxtəlif təqaüd proqramları fəaliyyət göstərir, Həmçinin Gürcüstanın böyük Azərbaycan dili məktəblərində əlavə gürcü dili kurslarının təşkili,mədəniyyətimizi yüksək səviyyəfə Gürcüstanda və xarici ölkələrdə təbliğ edən “Sarvan” folklor ansambılı və bu kimi layihələr AMM-nin gənclər sahəsində apardığı işlərdi. Şöbəsimiz bir sıra önəmli layihələrə imza atıb onlardan biri, Azərbaycan-gürcü jurnalistlərinin gözü ilə, Gürcüstan-Azərbaycan jurnalistlərinin gözü ilə adlı layihələr olubdur. Layihənin əsas məqsədi hər iki ölkə oxucusunu bir birimizin ölkəsilə, mədəniyyətilə yaxından tanış etmək, jurnalistlər arasında körpü yaratmaq idi.Gənclərimizin inkişafı üçün şöbənin daxilində “Gənclik-Tibb,Kitab,Futbol” klubları fəaliyyət göstərir.  Bu və digər istiqamətlərdə işlərimizi davam etdiririk.

Gürcüstanda Xocalı ayı çərçivəsində ölkənin müxtəlif şəhərlərində “Xocalı həqiqətləri” adlı konfranslar, aksiyalar və s. tədbirlər həyata keçirəcək. Görüləcək işlər ilə bağlı ətraflı məlumat verərdiz.

Bizim şöbə  Heydər Əliyev Fondunun vitse-presizdenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyasını Gürcüstanda geniş şəkildə həyata keçirir. AMM yarandığı gündən etibarən fevral  ayı  Gürcüstanda  Xocalı ayı elan olunur. Ay ərzində Gürcüstanın böyük şəhərlərində Xocalı həqiqətləri adlı tədbirlər həyata keçirdirik.Tədbirlərə yerli əhali ilə bərabər əcnəbilər də cəlb olunur, onlara həqiqətlərimiz haqqında ətraflı məlumatlar verilir. Biz hər il müxtəlif regionlara səfər edirik və bu hadisələri yerli əhaliyə təbliğ edirik, bunun üçün  tərəfimizdən gürcü dilinə müxtəlif əyani vasitələr tərcümə etdirərək əhaliyə təqdim edirik.  Ötən il Gürcüstanda ilk dəfə Xocalıya ədalət aksiyası keçirildi.   400 nəfərdən çox iştirakçı ilə Tbilisi şəhərinin mərkəzi küçələrində və Ermənistan səfirliyi qarşısında aksiya təşkil etdik. Gürcü və ingilis dillərində Azərbaycan həəqiqətləri haqqında informasiya bukletləri hazırlayaraq şəhər sakinlərinə və qonaqlara paylayadıq, onlara həmin hadisələr haqqında ətraflı məlumat verdik. Qeyd edim ki, aksiyaya gürcü xalqı nümayəndələri də qoşuldu. Bu cür tədbirləri biz il boyu təşkil edirik, qonağımız olan bütün gürcü və əcnəbi insanlara əyani vasitələri paylayaraq onlara həqiqətlərimiz haqqında məlumatlar veririk. Bu il  də  Xocalıya Ədalət kampaniyası iri region və şəhərlərdə həyata keçirərək  daha da geniş auditoriyanı cəlb edəcəyik, müxtəlif tipli mövzular üzrə ekspert,tarixçi,alim və prosfessorlar cəlb edəcəyik, aksiyalar keçirərək sadə insanlara broşürlar paylayacağıq və s.

Düşünürük ki, bu tipli iri miqyaslı tədbir və aksiyalar Azərbaycan həqiqətlərinin təbliğində böyük rol oynayır.

1992-ci il fevralın 26-da bəşər tarixinin ən böyük soyqırımlarından olan Xocalı qətliamının 24-cü ildönümüdür. Ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu qətliamı insanlığa qarşı cinayət olaraq necə səciyyələndirərdiniz?

Ermənistan silahlı qüvvələrinin və separatçılarının Azərbaycan torpaqlarına girməsi və işğal etməsi heç bir beynəlxalq normalara sığmayan bir hadisədir, müharibənin də öz qayda – qanunları vardır. Hərbi qanunların da çərçivələri var, məhdudiyyətləri var, Erməni qoşunları və cinayətkarları bu qanunlara riayət etmədən əsrin cinayətlərini törətdilər. Bu cür hallar nəinki Xocalıda, Qarabağ müharibəsi zamanı işğal olunan bütün ərazilərdə oldu.Xocalı qətliamı isə bu cinayətlərin ən dəhşətlisi oldu. Bu genosid idi, Xocalı insanını  milli mənsubiyyətinə görə qəddarcasına qətlə yetirirdilər, uşaq,qadın,yaşlılara insan təfəkkürünə və hissiyyatına sığmayan amansızlıqla vəhşiliklər törədərək qətlə yetirilməsi faktı hər bir insanın ürəyini sızladır. Şəxsən mən, təbliğat zamanı həmin cinayətlərdə iştirak edən terrorçuların Xocalıda etdikləri cinayətlərinin etiraflarını, insanlarımızı necə qətlə yetirdiklərini etiraf etdikləri cümlələri sitat gətirirəm, o vəhşilikləri söylərkən belə hisslərimizi cilovlaya bilmirik, əcnəbi dinləyicilərimiz söylədiklərimi və filmlərdə izlədiklərini gördükdə dəhşətə gəlib göz yaşlarını tuta bilmirlər.Buna nə ad vermək olar? İnsanlığa sığmayan əmmələri törədənlərə insan demək olarmı? Bizi acıdan isə dünya ədalətsizliyidir, təssüflər olsun ki, bu terrora hələ də hüquqi status verilməyib, bir çox ölkələr bunu genosid kimi qəbul etməyib, cinayətkarlar-terrorçular hələ də cəzasını almayıb, ən əsası isə işğal altında olan 20% tarixi Azərbaycan torpaqları hələ də azad olunmayıb.Buna səbəb olaraq dünyada yaşayan bütün azərbaycanlılar həqiqətlərimizin təbliği istiqamətində sıx birləşməli və çalışmalıdır.

 Nərgiz xanım, necə hesab edirsiniz, indiyədək beynəlxalq birliyin Ermənistana qarşı sərt addımlar atmamasının əsasında hansı amillər dayanır?

Bu gün dünyanın mübarizə apardığı ən böyük problem terrordur, bizim xalq bu terrorla illər öncə üzləşib, Xocalı,Qaradağlı, Quba və digər şəhərlərdə baş verən cinayətlər, qətliamlar terror deyilmi? BMT-nin mövcud qətnamələri nədən hələ də yerinə yetirilməyib,ATƏTİ Minsk qrupunun illərdir apardığı fəaliyyət heç bir nəticə verməyib. Bunun müxtəlif səbəbləri vardır, onlar haqqında daha yaxşı şərhi peşəkarlar verə bilər mən isə bu problemin həlli yollarından biri informasiyada görürəm. Düşünürəm ki, informasiya müharibəsində qalibiyyət bizim əlimizdədir, hər bir azərbaycanlı bunun üçün əlindən gələni etməlidir, bu bizim mənəvi borcumuzdu.

Bu məsələdə Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mövqeyi nədən ibarətdir?

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan və Qarabağ həqiqətlərin Gürcüstanda yayılması istiqamətində mühüm addımlar atırıq, sistemli şəkildə beynəlxalq təşkilatlara Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən və həqiqətlərimizi təbliğ edən bəyanamələr və sənədlər yollayırıq. Yaşadığımız ölkədə düşünürəm ki, biz bu informasiya müharibəsində qalibiyyət əldə etmişik.

Azərbaycan dövləti Xocalı soyqırımına siyasi qiymət verib. Bəs bu qətliama hüquqi qiymətin verilməsi, yəni bu cinayəti törədənlərin cəzalandırılması istiqamətində nə kimi addımlar atmaq zəruridir?

Xocalı qətliamına hüquqi genosid statusu verən ölkələr, ştatlar artıq mövcuddur. Düşünürəm ki, yenə də bunun əsas yolu dünyayı məlumatlandırmaqdan və əlimizdə olan dəlil və faktlardan istifadə edərək Xocalı həqiqətlərini yaymaqdan keçir.

Son illər Xocalı soyqırımı ilə bağlı Azərbaycan dövləti, eləcə də diaspor təşkilatlarımız xaricdə böyük tədbirlər keçirirlər. Bu baxımdan, həmin tədbirlər faciənin beynəlxalq müstəvidə həqiqi qiymətini alması üçün nə dərəcədə rol oynayır?

Azərbaycan diasporunun təşkilatlanma tarixi az olsa da, dünyaya səpələnmiş soydaşlarımızın sayı yetərdir. Hər bir təşkilatın əsas məqsədi milli məsələlərin və Azərbaycan həqiqətlərinin təbliğidir, düşünürəm ki, ərazisi işğal altında olan bir dövlətin millət nümayəndələrinin əsas prioritet məsələləri bu istiqamətdə işlərin görülməsidir. Qeyd etdiyim kimi bu gün Xocalı qətliamına hüquqi status verən bir neçə ölkə parlamenti var, Amerikanın 20 ştatıdır.Bu işdə və dünya təbliğində ən böyük rol Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyanın üzərinə düşdü. Kampaniyaya dünyada yaşayan azərbaycanlılar və gənclər qoşularaq dünyanın bir çox ölkələrində,şəhərlərində Xocalı hadisələrini yad edərək təbliğ edirlər, əhaliyi məlumatlandırırlar və Xocalıya Ədalət tələb edirlər. Düşünürəm ki, başda Leyla xanım Əliyeva olmaqla hər birimizin bu istiqamətdə apardığı iş əbəs yerə görülmür. Bu kampaniyaya hər bir azərabaycanlı, xalqımızın dostları, terroru lənətləyən sadə insan, uşaq,qadın,yaşlı ölümünə qarşı olan, müharibəyə və işğalçılığa dünyada son qoymağı tələb edən hər bir şəxs qoşulmalıdır və ədalət tələb etməlidir. İnanıram ki, bir gün hər  bir məcburi köçkün və doğma yurdlarından, torpaqlarınan evlərindən uzaq düşən insanımız o torpaqlara dönəcək, şəhidlərin ruhu şad olacaq, biz də gözəl Qarabağa səfər edəcəyik, müxtəlif layihələr, düşərgələr keçirərək Azərbaycan bayrağı altında bayram edəcəyik. Bu xəyalımız gerçək olacaq inanıram!.

12527693_1218659298163286_1420805504_n 12735776_1218665658162650_1698948667_n 12746476_1218659491496600_1845597433_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı