“Yaddan çıxmaz Qarabağ”

Qusar rayonunun Heydər Əliyev Mərkəzində “Yaddan çıxmaz Qarabağ” mövzusunda tədbir keçirilib. Elmi-praktik konfransın iştirakçıları Qarabağa virtual səyahət ediblər. Tədbirdən öncə əməkdar mədəniyyət işçisi Fatimə Ağamirzəyevanın təqdimatında Qarabağ bölgəsinə aid “Xan tirməsi”, “Nəlbəki gül”, “Yaz çiçəkləri”, “Malıbəyli”, “Vərni” xalçaları nümayiş olunub.
qhtxeber.az-a daxil olan məlumata görə, Mərkəzin direktoru Neva Abdurahmanova Qarabağın tarixinin, mədəniyyətinin öyrənilməsinin əhəmiyyətindən və bu qəbildən olan tədbirlərin gənclərimizin hərbi-vətənpərvərlik hisslərinə, mübarizə əzminə müsbət təsirindən danışıb. “Qarabağa virtual səyahət” adlı təqdimatda bu bölgənin qədim tarixi, yaşayış məskənləri, erməni işğalının xronologiyası barədə ətraflı məlumat verilib.
Tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə igidlik, rəşadət göstərən qəhrəmanlardan, Azərbaycan Ordusunun qüdrətindən danışılıb, məktəbli Ofeliya Əsədova əsgər qardaşına ünvanladığı məktubu oxuyub.
Konfransda Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar nümayəndəsi David İbramxəlilov, Qarabağ müharibəsi iştirakçısı Canəli Hümmətov, şəhid ailəsi adından Sevda Sultanova çıxış edib, Ali Baş Komandan İlham Əliyevin ordumuzun gücləndirilməsi istiqamətində apardığı islahatlardan, şəhid ailələrinə dövlət qayğısından söz açıblar.
Sonra “Qarabağ sizin üçün nə ifadə edir?” mövzusunda aparılan yazılı sorğuda fərqlənən məktəblilər mükafatlandırılıblar.
Tədbirin sonunda vətənpərvərliyi, Vətənə sevgini tərənnüm edən şeirlər səsləndirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here