“Yaradıcı qadınlar hisslərinin ifadə olunmasında maneələrə rast gəlirlər”

“Yaradıcı qadınlar hisslərinin ifadə olunmasında maneələrə rast gəlirlər”

İnsanların şanslı, ya da şanssız olması barədə düşünərkən belə qənaətə gəlirəm ki, əgər insan bir şeyi çox istəyirsə, o zaman şanslı olması realdır. Yəni insanın bacara bilmədiyi iş yoxdur. Sadəcə tənbəlliyi bir kənara qoyub, məqsədimizin arxasınca getməliyik. Bu günki müsahibim də məhz hər zaman doğru bildiyi məqsədinin ardınca getdiyi üçün lazım olan səviyyəyə yüksələ bilib. Çoxlarının həsəd aparacağı cəsarət və bacarıq nümayiş etdirən müsahibim İltimas İsmayıldır.

İltimas İsmayıl özünü oxucuya necə təqdim edərdi?

İltimas İsmayıl, müəllimə, xalqına, vətəninə xidmət etməyə çalışan və bu xidmətdən məmnun olan vətəndaşdır. İnsanın özü haqqında danışması çox çətindir. Məncə, kənardan insanın necə görünməsi əsas şərtdir. Bu, mənim üçün daha önəmlidir. İlkin tanıtım üçün özüm haqda onu deyə bilərəm ki, gözəl Azərbaycanımızın ucqar rayonlarından biri olan Şərur bölgəsində müəllim ailəsində doğulub, boya-başa çatmışam. Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. 30 ildən artıqdır ki, öz ixtisasım üzrə çalışıram. Hazırda Bakı şəhəri Nizami rayonu K.Əyyubov adına 12 saylı orta məktəbdə müəllimlik fəaliyyətimi davam etdirirəm. Ailəliyəm, ömür-gün yoldaşım Nurəddin İsmayıl ictimai mühitdə tanınan insandır, üç qız övladımız var, qızlarımın ikisi ailə həyatı qurub, üçüncü qızımız isə hələ ki bizimlə birlikdə yaşayır.

İlk dəfə şeir yazmağa nə zaman başlamısız? Şeir yazmaq istedadı irsdən gəlir, yoxsa bu məsələdə ədəbiyyatçı olmağınız daha çox rol oynayır?

İlk şeirlərimi orta məktəb illərində yazmışam. Mən müəllim ailəsində doğulmuşam. Atam ədəbiyyat müəllimi idi və 8 övladının 4-ü ədəbiyyat müəllimidir. Atam bizə H. Cavidi, M. Müşfiqi çox sevdirib. Biz inşa yazarkən o, bizə hər zaman tövsiyə edirdi ki, yazdığınız inşalara yaradıcılıqla yanaşın. Ailəmizdəki poetik mühit və qardaşım Səbuhi Məhərrəmlinin şeirlər yazması, onun qəzetlərdə dərc olunması məni sevindirirdi…Ədəbiyyatçı olmaq şeir yazmaq üçün əsas deyil. İxtisasımın bu məsələdə rolu danılmazdır. Universitet illərində yaradıcılıqla dərindən məşğul olmasam da öz potensial imkanlarımı təkmilləşdirməyə çalışırdım. İxtisasım mənə şeir yazmağın texnikasını mənimsətdi. Şeir yazmağın qaydalarına yiyələndim. Çox təəssüf edirəm ki, o illərdə yazdığım şerlərimin heç birini qoruyub saxlamadım. Bir neçə dördlük şeirlərim institutun xatirə dəftərlərində qalması istisna olmaqla digər şerlərimi saxlamamışam. Daha sonra ailə qurduğum illərdə isə bir xeyli müddət şeir yazmağıma ara vermək məcburiyyətində qaldım. Həmin müddətdə həm müəllimə işlədim, həm də övladlarımın təlim tərbiyəsinə vaxt ayırmalı oldum. Onu da qeyd edim ki, bu illərdə mən həm də tikiş üzrə öz qabiliyyətimi ortaya qoymağı bacardım və bu sənətimdən də razı qalan çoxlu insanlar tanıyıram. Çox şükür olsun ki, bu işin öhdəsindən də bacarıqla gələ bilirdim. Bunun üçün isə mənim orta məktəbdəki, əmək təlimi müəlliməm Südabə müəlliməyə minnətdaram. Bunları ona görə qeyd edirəm ki, insan bir sənətə mükəmməl yiyələnəndə digər sənət növlərini mənimsəmək asan olur. Mən tikişə də yaradıcı yöndən yanaşdım. Hər bir tikdiyim paltara bir əsər kimi baxırdım. Hər zaman da çalışdığım sahədə çoxlu mütaliə etmişəm ki, sənətimə daha dərindən yiyələnim.

Sizin mətbuatda dərc olunan bütün şeirləriniz haqqında xüsusi zərif hisslər, incə duyğular var deyə çoxlu şərhlər yazılır. Bu doğrudan da belədir. Bilmək olarmı o incə duyğuların mənbəyi haradan gəlir, sizi digər yazarlardan fərqləndirən cəhət nədir?

Qadın yazarlarda sərbəstlik bir qədər blokadaya alınmaq məcburiyyətində olur. Bu baxımdan kişi yazarların işi rahatdır. Qadın yazarlar hisslərinin ifadə olunmasında çoxlu maneələrə rast gəlirlər. Bir baxırsan qadın şairə yazdığı şeirdə başqa bir qadının gözəlliyini əks etdirir. Bu nə qədər dəqiq və texniki cəhətdən peşəkar səviyyədə yazılmış olsa belə, adama xoş gəlmir. Mən o şeirlərdən duyğu ala bilmirəm. Qadının sevgi mövzusundakı yaradıcılığı cəsarət tələb edir, bunu bilirəm, mən də bəzi hallarda şeirlərimə qarşı həmin münasibəti hiss edirəm, lakin düşünürəm ki, cəsarətli olub irəli getmək gərəkdir. Məncə, yazılan şeirlər insanların ürəyini ələ almalı, müxtəlif taleli insanların hissləri öz yerini tutmalı, oxucu o yazıda özünü tapmalıdır. Bir xanımın səsləndirilən şeirimi dinlədiyində ağladığını gördüm. O zaman əmin oldum ki, mən yazdıqlarımda başqalarını düşünə bilmişəm, başqa qadınların həyat mənzərəsini çəkmişəm. Həmin məqamlar mənə cəsarət verir ki, daha ürəklə və duyğulu yazım.

Şeirlərinizi Anadolu türkcəsində yazmağınızın səbəbi nədir?

Mənim sosial şəbəkələrdə ilk oxucularım Türkiyə türkləri olub. Bəzən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Hüseyn Caviddən paylaşmalar edirdim. Bəzən də biz sosial şəbəkə vasitəsi ilə deyişmələr edirdik və bu zaman mən onlar üçün anlaşılan olsun deyə o şivədə yazmalı olurdum. Beləliklə də türkcə şeirlərim günü-gündən artmağa başladı. Həmçinin də mənim türkcə yazmağımda H.Cavid yaradıcılığının böyük rolu olub. Mən Türk dilində yazmağımı əslində xalqıma, türklüyümüzə, qədim tariximizə olan xidməti borcum hesab edirəm. Bu borcumdan irəli gələn vəzifəmi nə qədər təkmil icra edə biləcəyimi isə zaman göstərər. Yazdığım dil iki yüz milyondan artıq türkün anladığı türkcədir.

Heç Azərbaycan dilində şeir yazdınızmı?

Bəli yazmışam. Azərbaycan dilində də şeirlərim var. Elə bu yaxınlarda İlham və Fərizə haqqında yazdığım şeir də Azərbaycan dilindədir. Şəhidlərimiz, Qarabağ haqqında şeirlərim öz türkcəmizdədir. Sadəcə şeirlərimi türkcə yazdıqca sosial şəbəkələrdə ünsiyyətdə olduğum türkdilli xalqların nümayəndələri də məni yaxşı anlayır. Onlar da təkid edirlər ki, “siz türkcə yazın o bizim üçün daha anlaşılandır”. Türk dilində davamlı və daha ürəklə yazmağım məni” İzmir Şairlər və Bəstəkarlar Dərnəyi”nə gətirib çıxartdı. Dərnək müsabiqəsində qalib gələn “Gözlərim” şeirinə bəstəkar Türkər Atık musiqi bəstələdi.

Türk dilində fikirlərinizi olduqca sərbəst qələmə alırsız. Bu dili öyrənmək üçün hansı mütaliələri etdiniz? Dil öyrənməyinizə kimlər yardımçı olub?

Zatən eyni dildi. Türkiyə türkcəsini dərindən öyrənmək üçün mütaliə edirəm. Bu sahədə H. Cavidin əsərləri də mühüm rol oynayıb. Həmçinin də mənə dostlarımın köməkliyi olur.” İzmir Şairlər və Bəstəkarlar Dərnəyi”nin başqanı Halim Akın bəy mənə Türk dilində bilmədiyim məsələlərdə köməklik edir. Həm türk şairlərini, həm də öz şairlərimizin şeirlərini tez-tez mütaliə edirəm. Və faydasını görürəm. Bir də ki, müstəqillik dönəmindən bəri televiziyanın, mətbuatın sayəsində türklüyümüzə qayıdış nəticəsində türk dili aktuallaşdı və həmin dövrün də mənə böyük köməkliyi dəydi. Mənim tələbəlik illərimdən tanıdığım ziyalı Aydın Qasımlının (Türksoy) da türkcəni sevməyimdə mühüm rolu olmdu.

Bildiyim qədər Hüseyn Cavidi çox sevirsiz. Başqa hansı şairləri daha çox oxuyursuz?

Mən Repressiya dövrü yazarlarımızı – xüsusən də H.Cavid, C.Cabbarlı, M.Müşfiq , Ə. Cavadı, A. Yıldırımı və digər dəyərli şairlərimizi oxuyuram. Çünki repressiyalar qurbanı olan bu şairlərimiz hələ uşaq yaşlarımdan ailəmizdə də daha çox müzakirə obyekti olub. H. Cavidin məzarının 1982-ci ildə İrkutskdan Azərbaycana gətirilməsi tədbirlərində iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Sevinirəm ki, mən həmin tarixi hadisənin şahidi olmuşam. Acı tariximiz olan repressiya atamın ailəsidən də yan keçməyib. Bəlkə elə bu səbəbdəndir ki, həmin dövrün yazarlarını , onların yanğılı yaradıcılığını daha yaxşı anlamışam, həmin şairləri daha çox sevmişəm. Atamın ailəsi 1937-ci ildə Qazaxıstana sürgün edilir. Sürgün nəticəsində atamın ailə üzvləri həlak olur. O zaman atamın 9 yaşı olub. Bir Azərbaycanlı tanış atamı Qazaxıstandan Azərbaycana, nənəsinin yanına gətirir. Mənim ailəmdə repressiyanın qoyduğu acı izlər bəlkə də bizi həmin dövrün ədəbiyyatını daha dərindən öyrənməyə sövq edib. Müasir yazarlardan isə rəhmətə gedənlərdən B.Vahabzadə, M.Araz, S.Tahir, N.Kəsəmənli, Ə.Kərim X. Rza Ulutürk kimi tanınmış şairləri ardıcıl izləmişəm. Hazırda isə daha çox oxuduğum şairlər sırasında Hayrettin Yazıcı, Halim Akın, M.Yaqub, R. Rövşən, , M.Qədir, H.Oğuz, T.Goruslunu və başqalarının adını çəkə bilərəm.

Bildiyimiz qədər həyat yoldaşınız Nurəddin İsmayıl da şeir və məqalələr yazır. Nurəddin müəllim sizin sərbəst yaradıcılığınıza məhdudiyyətlər qoyurmu?

Nurəddin İsmayıl publisist-yazar, həm də şairdir. Onun şerləri də sosial şəbəkələrdə geniş şəkildə izlənilir. Şeirlərimə isə heç bir məhdudiyyət qoymaz. Əksinə, mənə dəstək olur. Mənim yaradıcılığa qayıdışımda onun rolu olub. Mən yazdıqlarımı ona oxuyur, lakin imzamı bildirmirdim, utanırdım deyə həmin şeirlərin müəllifi olduğumu gizlədirdım. Amma bir gün özümdə cəsarət tapıb Nurəddin müəllimə Aldemir Aldemirin ifasında ilk səsləndirilmiş şeirimi dinlətdim və sonda müəllif İltimas İsmayıl imzasını eşitdikdə təəccüblə mənə baxdı… Mən “necədi?” deyə soruşdum və əladır, cavabını aldığımda göz yaşlarım qeyri-iradi olaraq yanaqlarımdan süzülməyə başladı. Həmin gündən etibarən də şeirlərimin altından imzamı atdım.

İki yaradıcı, insanın ailəsində yetişən övladlar həqiqətən də çox şanslıdır. Sizin övladlarınız da həmin şansı qazanıblar. Qızlarınızdan hər hansı birinin bu yönümdə xüsusi istedadı varmı?

Qızlarımızın hər birinin ayrı-ayrı sahələrdə öz ixtisaslarından əlavə xüsusi bacarıqları var. Kiçik qızımız Tahirə duyğulu hekayələr yazır. Atası bir dəfə xəstə idi, biz onu xaricə aparırdıq. Tahirə atasının cibinə mənsur şeir yazıb qoymuşdu. Atası həmin məktubu oxuduğunda çox təsirlənmişdi. Bu istedad Tahirədə özünü büruzə verir.

Sonda bilmək istəyərdim ki, kitab çap etdirmək fikriniz varmı?

Bəli, artıq kitab üçün seçdiyim şeirlər, bir kitaba yetəcək qədər materiallar var. Sadəcə kitabın daha təkmil olmasına çalışıram. Yəqin ki, yaxın zamanlarda kitab halına düşər inşallah.

Sumqayitfakt.az