“Yarmarkalara çıxarılan malların qiymətləri bazarlardan aşağıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları fəaliyyətə başlayıb. Martın 16-dan 21-dək isə Novruz yarmarkaları hər gün alıcılara xidmət göstərəcək.

Təşkil olunan yarmarkaların əhəmiyyəti haqqında açıqlama verən millət vəkili Azər Badamov deyib ki, bayramqabağı yarmakaların təşkil edilməsi insanları sevindirən və alqışlanan haldır: “Çünki, yarmarkalara çıxarılan malların qiymətləri bazarlardan aşağıdır və bu da hamıya bayrama hazırlaşmağa imkan yaradacaqdır. Xüsusilə əhalinin aztəminatlı təbəqəsinin alıcılıq imkanlarına malların qiymətinin uyğunlaşması bütün ölkədə bayram ab-havasının yaranmasına şərait yaradacaq. Ölkə başçısı da istəyir ki, bütün vətəndaşların evlərində bayram atmosferi yaransın, hamı bayramı qeyd edə bilsin. Bunu cənab Prezidentin sadə insanların yanında olduğunun göstəricisi kimi qeyd edərdim”.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmarkalardan məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır. Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkalara həvəslə gətirir və alıcılara bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Buna görədir ki, Novruz yarmarkalarında alıcı fəallığı yüksəkdir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here