“Yaşar Qarayevin irsi: ədəbiyyatın tarixi və müasir problemləri” mövzusunda konfrans keçirilib

Oktyabrın 26-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin anadan olmasının 80 illiyinə həsr olunan “Yaşar Qarayevin irsi: ədəbiyyatın tarixi və müasir problemləri” mövzusunda konfrans keçirilib. Konfransda ədəbiyyatşünas alimin əsərlərinin 5 cildliyinin də təqdimatı olub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq görkəmli alimlərin yaradıcılığının öyrənilməsini müasir elmin inkişafı üçün vacib amillərdən biri kimi dəyərləndirib. Konfransın AMEA Rəyasət Heyətinin Yaşar Qarayevin 80 illiyinin qeyd edilməsi və əsərlərinin 5 cildliyinin nəşr olunması barədə qərarına əsasən həyata keçirildiyini söyləyən akademik İsa Həbibbəyli görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi əvəzsiz xidmətlərdən danışıb. Yaşar Qarayevin əsərlərinin 5 cildliyini təqdim edən AMEA-nın vitse-prezidenti Ədəbiyyat İnstitutunun hazırladığı digər nəşr –  “Yaşar Qarayev: Yaxından və uzaqdan. Məqalələr və xatirələr toplusu”ndan da bəhs edib.

AMEA-nın müxbir üzvü Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslığının nadir şəxsiyyətlərindən biri olduğunu qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, onun yaradıcılıq  konsepsiyası artıq elmi məktəbə çevrilib. Görkəmli alimin yaradıcı şəxisyyətini “görkəmli tənqidçi, ədəbiyyat nəzəriyyəçisi, realizmşünaslıq nəzəriyyəsinin yaradıcısı, ədəbiyyat tarixçisi” kimi səciyyələndirən İ.Həbibbəyli bildirib ki, Yaşar Qarayevin elmi yardıcılığının, elmi araşdırma metodlarının öyrənilməsi ədəbiyyatşünaslığın inkişafı, gənc alimlər nəslinin yetişdirilməsi üçün əvəzsiz qaynaqlardan biridir.

Sonra Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Şirindil Alışanlı “Yaşar Qarayevin nəzəri irsi və müasir ədəbiyyatşünaslığın metodoloji axtarışları”, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd “Yaşar Qarayevin yaradıcılıq metodu konsepsiyası” mövzularında məruzə ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktorları Qəzənfər Paşayev, Rüstəm Kamal, Rahid Ulusel, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çıxış ediblər. Məruzə və çıxışlarda ədəbiyyatşünas alim Yaşar Qarayevin həyatı və yaradıcılıq xüsusiyyətləri haqqında ətraflı danışılıb.

Tədbirin sonunda akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə nəşr olunmuş  kitablar – “Yaşar Qarayev. Seçilmiş əsərləri” adlı 5 cildlik və “Yaşar Qarayev: Yaxından və uzaqdan. Məqalələr və xatirələr toplusu” konfrans iştirakçılarına təqdim olunub.

scince.gov az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here