Yeni təyin olunan nazir müavini danışdı: Son dəyişikliklərdən sonra…

Artıq Mədəniyyət Nazirliyinin strukturu tam formalaşıb. Regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində Regional siyasət şöbəsi yaradılıb.

Bunu Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov deyib.

R.Bayramov bildirib ki, ölkə başçısı 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub: “Müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir”.

R.Bayramov qeyd edib ki, həyata keçirilən son dəyişikliklərdən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq:

“Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdir. Regional siyasət şöbəsində iki sektor – Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb”.

Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında danışıb, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirib. Diqqətə çatdırıb ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here