Yer Elmləri Bölməsinin Büro iclası keçirilib

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin Büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər. İclası giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxılıb. Bölmə müzakirədən sonra müvafiq qərar qəbul edib.

Sonra geologiya-minerologiya üzrə fəlsəfə doktoru Aliyə Babazadənin AMEA Geologiya və Geofizika İnstitutunun Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri vəzifəsinə təsdiq olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının nəşr üçün təqdim etdikləri əsərlərinin müzakirəsi aparılıb, müvafiq qərar qəbul olunub.

Gündəlikdə yer alan növbəti məsələ “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” ilə bağlı olub. Ölkə Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl müvafiq Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzaladığını xatırladan AMEA-nın elmi katibi Sadıx Nəbiyev bildirib ki, sənədə əsasən Akademiya qarşısında bir sıra vəzifələr qoyulub. Müzakirədən sonra məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, elmi müəssisələrə təkliflər hazırlamaq tapşırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here