Kənd gənclərinin inkişafı naminə əməkdaşlıq edək! “Yerli Gənc” proqramı ilə yerli gənclərə töhvə verək!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 – ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bu isə kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq, “Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq,Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli Gənc” Əməkdaşlıq Proqramı çərçivəsində üzv təşkilatlarını əməkdaşlığa dəvət edir.
“Yerli Gənc” Əməkdaşlıq Proqramı nədir?
Proqram ARGTMŞ-ın üzv təşkilatlarının dövlət strukturları tərəfindən maliyyələşdirilməsi təsdiq olunmuş layihə, proqram və sosial sifarişlərin kəndlərdə davam etdirilməsi fəaliyyətinin ARGTMŞ ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsini nəzərdə tutan kənd gənclərinin inkişaf proqramıdır.
“Yerli Gənc” Əməkdaşlıq Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Proqram çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılacaq.
Proqram çərçivəsində imkanlar:
Kənd gənclərinin inkişafına dəstək olmaq
Cari layihələrin davamının kənd gənclərinin iştirakı ilə keçirilməsi ilə kənd gənclərinin inkişafına töhvə vermək
PR dəstəyi
Əməkdaşlıq çərçivəsində fəaliyyətin ARGTMŞ tərəfindən sosial şəbəkələr, xəbər portalları, agentliklər və TV-lərdə işıqlandırılılması ilə üzv təşkilatın brend kimi geniş ictimaiyyətə tanıdılması
Gələcək perspektivlər
Əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət ilə üzv təşkilatın əhatə dairəsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
Proqramda iştirak: Proqramda ARGTMŞ-ın müraciət üçün tələblərə uyğun gələn üzv təşkilatları iştirak edə bilər.


