Yol verilmiş qanun pozuntularına görə 145 akt və protokol tərtib olunub

İyunun 1-dən 15-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 145 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli “məcburi göstəriş” verilib. Ümumilikdə, 31 iş üzrə 36700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 5500,18 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 165 iş üzrə 37730,28 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 23, məhkəmələrə isə 5 iş göndərilib.