Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində

Azərbaycan ədəbiyyatında tarixi roman janrının təşəkkülünün çox zəngin ideya-estetik qaynaqlara əsaslandığı barədə kifayət qədər aydın, müfəssəl elmi qənaət mövcuddur.

Həmin qənaətin mahiyyətinə gəldikdə onu deyə bilərik ki, Azərbaycan mədəni-ictimai fikrində Tarix həmişə möhtəşəm epik vüsəti ilə iştirak edib öz mükəmməl süjetləri, çoxsaylı motivləri və epoxal qəhrəmanları ilə elə bir ciddi etnoqrafik yaddaş struktur-sisteminə çevrilib ki, tarixi romançı əlinə qələm almaq fikrinə düşəndə ilk növbədə həmin yaddaş struktur-sistemi ilə hesablaşmağa məcburdur. Və ən asan yol tarixi mövcud kütləvi təsəvvürlər (və etnoqafik yaddaş!) miqyasında “köçürmək”dən ibarətdir ki, bu zaman yazıçının uğurunu (və romanın populyarlığını) təmin edən əsas cəhət müəllifin “təhkiyeyi-kəlam”ı, başqa sözlə, dil-üslub maneralarıdır. Fikrimizcə, Azərbaycan tarixi romanlarında bu istiqamət həmişə aparıcı olsa da, daha bir neçə yaradıcılıq “təmayül”ü də mövcuddur ki, buraya ilk növbədə aşağıdakılar aiddir: a) elmi-analitik, b) siyasi-ideoloji və c) fəlsəfi “təmayül”lər.

Yazıçı Yunus Oğuzun bu günə qədər nəşr olunmuş tarixi romanlarında həmin yaradıcılıq-üslub “təmayül”lərinin, demək olar ki, hamısına təsadüf edilir, lakin müəllif daha çox fəlsəfi ümumiləşdirməyə-tarixin fəlsəfi dərkinə çalışır. Və yazıçının tarix fəlsəfəsinin məğzində “tarixdə bu günü, bu gündə tarixi axtarmaq” kimi kifayət qədər əsaslı bir metod dayanır ki, bu metod Yunus Oğuzun ümumən yaradıcı təfəkkürünü dəyərləndirmək baxımından olduqca səciyyəvi sayıla bilər.

Mərhum tənqidçi-ədəbiyyatşünas Sabir Bəşirov “Yunus Oğuz: elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” kitabında yazır:

“Milli azadlıq hərəkatının yetirmələrindən, fəal iştirakçılarından biri də Yunus Oğuzdur. Ancaq yaxşı ki, o, siyasət bataqlığına girmədi, siyasət oyunlarında iştirak etmədi, elmi araşdırmalarının arasını kəsmədi. Bu gün biz Yunus Oğuzu iki cəhətdən qiymətləndiririk: ümumtürk və onun tərkib hissəsi kimi Azərbaycan tarixinin ciddi araşdırıcısı, tarixin qaranlıq məqamlarını, mübahisəli məsələlərini tədqiq edən, yeni fikir söyləyən ciddi tədqiqatçı-tarixçi-türkoloq və çox istedadlı yazıçı kimi…”

O, tarixi romana “Nadir şah”la gəldi… Ancaq ilk povesti olan “Qadın ulduzu”nda da həm tarix, həm bu gün, həm də gələcək vardı: “…Meydan guruldayırdı. Deməli, özünüdərketmə başlayırdı. Heç kim bilmirdi sabah nə olacaq. Meydan guruldayırdı. Qabaqda isə hələ sabah var idi…” Ümumiyyətlə, “Nadir şah”a qədər qələmə aldığı əsərlər – şeirlər, “Atilla” dramı, eləcə də “Türkün tarixinə yeni bir baxış” və s. Yunus Oğuz yaradıcılığının, “tarixəqədərki mərhələ”sidir. Və heç şübhəsiz, janr axtarışları ilə zəngin olan bu mərhələ olmasaydı, görünür, “tarixi mərhələ”də istər ideya-məzmun, istərsə də üslub-forma baxımından bu qədər məhsuldar olmazdı.

lll

Yunus Oğuzun Azərbaycan, ümumən türk tarixinə fəlsəfi-analitik baxışı “Nadir şah” romanında nəinki aydın, hətta çox parlaq bir şəkildə əks olunmuş, Nadir şahın dövrü, xüsusilə xalq arasından çıxmış son dərəcədə istedadlı bir şəxsiyyəti hakimiyyət zirvəsinə gətirib çıxaran tarixi şərait, eləcə də Nadir şahdan sonra Azərbaycanın düşdüyü sosial-siyasi vəziyyət dərindən təhlil edilib.

Müqayisənin nə qədər yerinə düşüb-düşmədiyi üzərində mübahisə etmək üçün hər cür əsas olsa da, demək istərdik ki, “Nadir şah”la Azərbaycan tarixi romanşünaslığının korifeyi M.S.Ordubadinin əsərləri arasında müəyyən yaxınlıq, sələf-xələf münasibəti vardır. Və hətta bizə elə gəlir ki, Yunus Oğuz bir sıra baxımlardan öz böyük sələfinin unudulmaqda olan yaradıcılıq maneralarını dirçəldir. Əsas odur ki, M.S.Ordubadi kimi Yunus Oğuz da dövrün tarixini bir tədqiqatçı olaraq öyrəndikdən sonra əlinə qələm alıb. Yəni hər iki halda məqsəd o deyil ki, öz “tarix fəlsəfə”ni tarixə “sırıyasan” (bu elə tarixi “köçürmək” kimi bir şeydir), əksinə, M.S.Ordubadinin yaradıcılıq təcrübəsində tarix (onun hansısa dövrü) danışmağa, öz “yaddaş”ını qurdalamağa məcbur edilir ki, Yunus Oğuz da bu yolla gedir… “Nadir şah” müəllifi yaxşı bilir ki, onun hökmdar qəhrəmanının – Nadir şahın daimi, ardıcıl, davamlı oturduğu stabil paytaxtı olmayıb, onun oturduğu yer at beli idi. Odur ki, Nadir şah Azərbaycanın coğrafiyasının hər yerinə paytaxt kimi baxırdı. Və onu Şah İsmayıl Xətaidən sonrakı Səfəvi hökmdarlarından fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də bu idi… Hətta Şah İsmayıl Xətainin də paytaxtı vardı, ancaq şərti səciyyə daşıyırdı. Çünki Azərbaycan Səfəvi dövlətinin yaradıcısı hökmünü xalqının tarixən məskunlaşdığı bütün coğrafiyaya yaymaq istəyirdi. Və bunu bacarmışdı.

Nadir şah Səfəvi nəslinə mənsub deyildi, lakin o, Şah İsmayılı xatırladır. Hətta romanın ideya-estetik əhvali-ruhiyyəsindən hiss edilir ki, Nadir şah bəzi sahələrdə öz dahi sələfindən də üstündür… Bu günə qədər bizim elə bir tarixi romanımız olmamışdır ki, orada bu qədər toponimik materiala müraciət edilsin. Bunu yalnız müəllifin erudisiyası ilə bağlamaq düzgün olmazdı. Heç şübhəsiz, ilk növbədə, romanın qəhrəmanının “xidmətidir” ki, Azərbaycanın tarixi coğrafiyası həmin müfəssəliklə xatırlanır. Və Nadir şahı səciyyələndirən özünəməxsus bir obrazlılıq mühiti yaradır… Yeri gəlmişkən deməliyik ki, bu özünəməxsus obrazlılıq çox vacibdir: bu gün hər bir azərbaycanlının təsəvvüründə Vətənin tarixi coğrafiyası bütün miqyası ilə əks olunmalı, hər bir məntəqəsi barədə aydın məlumat öz əksini tapmalıdır. Əks təqdirdə illər boyu Azərbaycan insanının beyninə yeridilmiş Vətən coğrafiyasının məhdudluğu sindromu həmişə olduğu kimi, gələcəkdə də öz işini görə, Vətənin tarixi miqyası barədəki məlumat məhdudluğu ümumən Vətən barədəki təsəvvür məhdudluğuna çevrilə bilər…

M.S.Ordubadidən gələn bir romançılıq ənənəsi də ondan ibarətdir ki, hadisələrin təsvirində macəraçılığa geniş yer verilir. Və fikrimizcə, buna həm ona görə ehtiyac var ki, əsər maraqla oxunsun, həm də saray mühitinin özü bu cür macəraçılığı zəruri edir…

“Nadir şah” romanında hakimiyyət və xalq problemi dövrün xarakterini açan konkret detallarla işlənib. Xüsusilə ordu, yaxud vergi yığılması məsələləri üzərində dayanan müəllif Azərbaycan cəmiyyətinin həmin öhdəliklərlə bağlı reaksiyasına ayrıca diqqət yetirib ki, bu, romana siyasi-ideoloji məzmun-mündərəcə gətirməklə onun tarixilik dəyərini xeyli yüksəldib. Yunus Oğuzun “Nadir şah”ının ən üstün cəhətlərindən biri Nadir şah hökmranlığının tarixinin Azərbaycanın ümumi tarixi fonunda təqdim edilməsidir.

Elə tarixçilər var ki, onlar Nadiri Səfəvi xanədanını devirməkdə, hakimiyyəti qeyri-qanuni ələ keçirməkdə günahlandırırlar, ancaq Yunus Oğuz Səfəvilərin son hökmdarı Təhmasib şahın həyat tərzini, məişətini, ümumən Səfəvilərin son dövrlərdə gəlib düşdüyü siyasi, mənəvi-ruhi vəziyyəti dərindən təhlil-təsvir etməklə, nəinki xalqdan, hətta babalarının qoyduğu ənənələrdən uzaqlaşdıqlarını xatırlatmaqla, Nadirin hakimiyyət iddialarına haqq qazandırır. Əlbəttə, Səfəvilər Azərbaycan tarixində heç bir xanədanla müqayisə olunmayacaq qədər möhtəşəm (və xalqın taleyi baxımından mütərəqqi) rol oynamışlar. Lakin tədricən paytaxtın İranın içərilərinə çəkilməsi, farsların saraya ayaq açaraq idarəçilikdə təmsil olunmaları, nəticə etibarilə, Azərbaycan dövlətinin mahiyyətcə İran dövlətinə çevrilməsinə səbəb oldu. Və belə bir vəziyyətdə Avşar tayfasından çıxmış Nadirin hakimiyyətə yiyələnməsi bir uzurpatorluq, xalqın (və tarixin!) ziddinə bir hərəkət deyildi… Ancaq Yunus Oğuz bütün hallarda obyektiv tarixçidir: nəzərdən qaçırmır ki, Nadir şahın gücü milli bir dövlət qurmağa çatsa da, onu idarə etməyə, zəruri dövlət təsisatlarını yaradıb təkmilləşdirməyə, kifayət qədər mükəmməl təcrübəyə dayanıb yeni dövlətçilik ənənələri yaratmağa çatmadı. O, hər məsələyə hərbi-strateji mövqedən yanaşırdı, ölkənin sülh şəraitində yaşamasını təmin etmək onun işi deyildi. Odur ki, apardığı müharibələrdə fasilə əmələ gələn kimi Nadir şah dərhal yeni müharibə barədə düşünməyə, tədbir tökməyə başlayırdı. Və bunun nəticəsi idi ki, Hindistana hücum etdi, Rusiyaya təzyiq göstərmək üçün Orta Asiyaya müdaxilə elədi…

Romanın üstün cəhətidir ki, müəllif təsvir etdiyi hadisələrdə yalnız təfərrüata varmaqla bədii-estetik effekt yaratmaq məqsədi güdmür, daha çox bu maraqlı, oxunaqlı, hətta ibrətamiz təfərrüat kontekstində öz qəhrəmanının – dahi sərkərdənin xarakterinin təfsilatlarına diqqəti çəkməklə onun haqqındakı təsəvvürü ustalıqla tamamlamış olur.

Yazıçı-tarixçi haqlıdır ki, Nadir şahın faciəsi artıq köhnəlmiş, yeni dövrün tələbələrinə cavab verməyən dövlət idarəçilik üsulunun bataqlığından çıxa bilməməsində idi. Və təsadüfi deyil ki, Səfəvilərin düşdükləri intriqalı, macəralı saray mühiti axırda Nadir şahı da öz ağuşuna alır.

Yunus Oğuz Nadir şah obrazını tarixi həqiqətləri zədələmədən, təhrif eləmədən, intellektual məsuliyyətlə, eyni zamanda, vətəndaşlıq qüruru ilə, sevə-sevə, fəxr edə-edə yaradıb. Bu ondan da görünür ki, müəllif Nadir şahın simasında Azərbaycan xalqının yüksəlişinə az və ya çox dərəcədə xidmət etmiş, demək olar ki, bütün tarixi şəxsiyyətlərin fəaliyyətlərindəki, mübarizələrindəki (eləcə də səhvlərindəki!) xarakterik cəhətləri epik bir vüsətlə birləşdirib ifadə etməyə çalışır.

“Nadir şah” tarixi coğrafiyası nə qədər genişliyi ilə əhatə olunsa da, yalnız Azərbaycan miqyaslı bir əsər deyil. XVIII əsrin birinci yarısında Azərbaycanın siyasi taleyinə təsir edən beynəlxalq münasibətlər romanda həm tarixi sənəd dəqiqliyi, həm də ideya-estetik ümumiləşdirmələrlə əks etdirilir. Osmanlı hökmdarlarının, sərkərdələrinin, Rusiya çar sarayının, Avropa diplomatiyasının Azərbaycanda baş verən hadisələrə öz siyasi maraqları mövqeyindən müdaxilələri, eləcə də Nadir şahın həmin müdaxilələrə münasibəti, bəzən olduqca emosional reaksiyaları, yaxud istehzaları istər tarixi fakt, istərsə də bədii detal olaraq maraq doğurur. Nadir şah əmindir ki, osmanlılarla əlaqələrin qaydaya salınması, əbədi sülhün, qardaşlıq inam-etibarının bərqərar edilməsi nəinki zəruridir, həm də bu münasibət elə olmalıdır ki, nə Rusiya, nə də Qərbi Avropa dövlətləri həmin münasibətə müdaxilə etmək iddiasına düşməkdən çəkinməsinlər.

XVII, xüsusilə XVIII əsr Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin, ümumən mədəniyyətinin İntibah dövrüdür. Romanda dövrün bu səciyyəvi xüsusiyyəti də əks olunub. Məsələn, Nadir şahın oğlunun toyunda Xəstə Qasım iştirak edir, qaval daş dilləndirilir və s. Əslində, romanın bədii intonasiyasına da bir dastançılıq, epos ruhu hakimdir. Və orası da maraqlıdır ki, əsərin baş qəhrəmanı mifikləşdirilir, onun adi adam olmadığı, qədim türk ərənləri kimi məhz Boz Qurdun himayəsi altında hərəkət etdiyi göstərilir… Bununla belə, “Nadir şah” ciddi tarixçi düşüncəsinin, daha doğrusu, tarixə fəlsəfi baxışın məhsulu olaraq qalır. Və Yunus Oğuz “Nadir şah”da bizə xalqımızın tarixini təfsilatı ilə danışmağa başladığını (və bunu istedadla bacardığını) göstərir.

lll

“Nadir şah”dan sonra Yunus Oğuz “Təhmasib şah”ı qələmə aldı. Və bu romanın ortaya çıxması, ilk növbədə, onunla əlamətdar idi ki, tarixşünaslıqda o qədər də diqqət verilməyən bir dövrə müraciət olundu. Tarixi roman yazanlarımız da Səfəvilərdən bəhs edərkən, bir qayda olaraq, bu möhtəşəm imperiyanın qurucusu haqqında danışmaqla kifayətlənmişdilər… Yunus Oğuz da “söhbət”ə I Şah İsmayıldan, daha doğrusu dahi dövlət adamının vəfatından başlayır. Və “söhbət”in – romanın təhkiyəsində elə ilk məqamlardan özünü göstərən dastan intonasiyası, demək olar ki, sonacan davam edir. Bu həm də dövrün sosial-ideoloji stixiyasının, mənəvi ab-havasının daha təfsilatı ilə əks olunmasına xidmət edən müəllif üslub-iddiasıdır ki, “Təhmasib şah”dan əvvəl “Nadir şah”da təcrübədən keçirilmiş, kifayət qədər uğurlu alınmışdı. Və Yunus Oğuzun tarixi roman yaradıcılığında başqa bir üslub təcrübəsi də vardı ki, bu da dastan intonasiyasına tarixi faktların bol-bol daxil edilməsindən ibarət idi. fikrimizcə, bədii təxəyyüllə dəqiq tarixi xronologiyanın eyni bir süjetdə harmonik iştirakına nail olmaq baxımından “Təhmasib şah” “Nadir şah”dan daha mükəmməl alındı.

Təhmasib hələ yeniyetmə olarkən, yəni on yaşında şah elan edilir. Və öz missiyasını yalnız bir neçə ildən sonra – on üç-on dörd yaşlarında yerinə yetirməyə başlayır… Yazıçı öz qəhrəmanının hadisələrə çox gənc yaşlarından müdaxilə etməyə başlamasını iki səbəblə şərtləndirir: birincisi odur ki, Təhmasib Şah İsmayılın genini daşıyırdı, onun dahi sələfi də təxminən həmin yaşlarında hakimiyyətə gəlmiş və tezliklə dövlət idarəçiliyi, lider istedadı nümayiş etdirmişdi; ikincisi isə, Təhmasib uşaq yaşlarından Səfəvilər sarayında mükəmməl məktəb keçmiş, lələ tərbiyəsi almış, taxt-tac üçün hazırlanmışdı… Təhmasib şah çox gənc ikən anlayır ki, onu əhatə edən saray mühiti intriqalar içərisində nəfəs ala, dövlətin (və xalqın) mənafeyi naminə qərarlar qəbul edə, həmin qərarları həyata keçirə bilməz. Dərk etməyə başlayır ki, hətta ona tərbiyə verib hakimiyyət üçün hazırlayanlar da öz şəxsi maraqlarının, iddialarının əsiridirlər… Şah İsmayılın geni hərəkətə gəlir. Və bu “ilahi” genin tam miqyası (və missiyası!) ilə hərəkətinə stimul verən Ərdəbil şeyxləridir ki, onlar, əslində, Səfəvilər sülaləsinin (və dövlətinin) həm mifik, həm də gerçək hamiləridir. Bu, o ilahi güc (və hamilikdir) ki, vaxtilə Şah İsmayılı ortaya çıxarmışdı, indi də Təhmasib şahda “təcəlla” edir.

Nizami Cəfərov, akademik

525-ci qəzet

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here