Yusif Məmmədəliyev nə üçün Nobel mükafatını ala bilmədi?

Tarix 1942-ci il dekabr ayının 31-ni göstərirdi. Hamı həmin gün 37 yaşı tamam olmuş gənc alim Yusif Məmmədəliyevi təbrik edirdi. Təkcə doğum günü münasibətilə deyil, eyni zamanda yeni kəşfinə görə. O, benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə nail olmuşdu. Məhz bunun sayəsində idi ki, 1943-cü ilin qışından II dünya müharibəsinin sonunadək İL-2 və La-5 sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirmişdilər. Bununla əlaqədar olaraq «Vışka» qəzeti yazırdı:
«Soviet aviasiyasının məşhur qəhrəmanı Pokrışkindən, general Dzusovun igid təyyarələrindən və ya general Osipenkonun qırıcılarından soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Yakovlev, Mikulin və Məmmədəliyev – onlar bir iş gördülər: sovet təyyarəçilərinə hamıdan yüksəkdə, hamıdan uzağa uçmaqda kömək etdilər».
O dövrdə gənc alimin elmi kəşfi yüksək qiymətləndirildi. O, Ali Baş Komandan Stalinin təşəkkürü ilə mükafatlandırıldı, Lenin orderi ilə təltif olundu və birbaşa kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adı aldı.
Bir müddət sonra, daha dəqiq desək, 12 il sonra, yəni 1954-cü ilin noyabr ayının 19-da Yusif Məmmədəliyev digər bir böyük ixtirası ilə dünya elminə yeni töhfə verdi. Belə ki, onun icad etdiyi bərk raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxa bildi və ballistik raketlər quyulara endirilib qərb istiqamətinə tuşlandı, dünyada ilk dəfə olaraq 1957-ci ilin oktyabr ayının 27-də məhz sovet süni peyki çəkisizlik şəraitinə qalxdılar.
Bütün bu yüksək nailiyyətləri nəzərə alaraq Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif etdilər. Əslində, Nobel Komitəsinin tövsiyəsinə görə alimlər öz təkliflərini açıqlamamalı, heç bir yerdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün belə bundan xəbəri olmamalıdır. Lakin Sovet rejimində bu qaydaya riayət etmək mümkün deyildi. Odur ki, həmin məsələ 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasına müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi.
Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.

Yunis Xəlilov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here