“Zəngəzur” sənədli filmi və “Qubadlı” 3 D qrafik təsvirli filmin təqdimatı keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə – azərbaycan, ingilis, rus dillərində istehsal etdiyi “Zəngəzur” sənədli filmi, “Qubadlı” 3 D qrafik təsvirli film, Qarabağ Xalçaları elektron albomu və mərkəzin yeni funksional portalı ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, millət vəkilləri, gənclər təşkilatçılarının rəhbərləri və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri N.Mehdiyev çıxışında bildirib ki, “Zəngəzur” sənədli filmi Azərbaycanın qədim tarixi torpaqlarından olan Zəngəzur mahalının azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı yanıltması barəsindədir: “Azərbaycanın qədim tarixi torpaqlarından olan Zəngəzurun azərbaycanlılara məxsus olması haqqında məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.

Azərbaycan dövləti bir dəhliz vasitəsilə iki hissəyə ayrılıb. Həmin dəhlizdəki torpaqlar indi türk dünyasına aparan yolları kəsir. Amma beyinlərdən ilhaq olunmayacaq bir adı var bu torpaqların – Zəngəzur. Zəngəzurun ərazisi bu gün Ermənistanın işğalında olan Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının və hazırda Ermənistan ərazisi sayılan, Qərbi Zəngəzur adlandıra biləcəyimiz Sünik vilayətinin hazırda Sisyan adlanan Qarakilsə, Qafan, Gorus və Meğri rayonlarının ərazilərini əhatə edir.

Filmdə Zəngəzurda olan azərbaycanlılara məxsus yer adları və onların dəyişdirilməsindən, qədim və orta əsrlərdə Zəngəzurda baş verən hadisələrdən, bu ərazilərə ermənilərin köçürülməsindən, ermənilərin törətdiyi qırğınlardan, Zəngəzurun mədəni irsindən, görkəmli şəxsiyyətlərindən bəhs olunur. Azərbaycanda Zəngəzur haqqında ilk dəfədir ki, əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orjinallığı da onun dünyaya yayılmasını asanlaşdırır”.

Daha sonra “Zəngəzur” sənədli filmi nümayiş edilib.

Qeyd edək ki, filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, baş məsləhətçi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, qurluşçu rejissoru Teymur Nəcəfzadə, ingilis versiyasının redaktoru İngiltərədən olan jurnalist İan Peartdır.

Təqdim olunan məhsullardan biri də “Qubadlı” 3 D qrafik təsvirli film olub. Azərbaycan və ingilis dilində istehsal olunan “Qubadlı – virtual səyahət” 3 d qrafik təsvirli film vasitəsilə Azərbaycanın işğal altındakı bölgəsi Qubadlının tarixi abidələri, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Qubadlı rayonuna virtual səyahətə çıxır. Filmdə Qubadlının XIV yüz ilin Dəmirçilər türbəsi, Gürcülü türbəsi, Məmər kənd məscidi, Əliquluuşağı körpüsü, Bərgüşad mehmanxanası kimi məşhur tarixi və müasir abidləri qrafika ilə təsvir olunur. Film gənc nəslin Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında vizual məlumatlanmasına tövhə verir. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, Qubadlı rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.

“Virtual Qarabağ” İKT mərkəzinin yeni məhsullardan biri də “Qarabağın xalçaları” elektron albomudur. Məlumdur ki, Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də dünyaya səs salan xalçaçılıq mərkəzlərindən biridir. Belə bir zəngin mədəni irsin qorunması, onun gələcək nəsillərə sağlam şəkildə çatdırılması, yad əllərə düşməsinin qarşısını alınması zəruri mədəni fəaliyyətlərdəndir. “Qarabağın xalçaları” elektron albomu da məhz bu vacib məqsədə xidmət edir. Albomda məşhur Qarabağ xalçaları haqqında qısa məlumat və fotolar öz əksini tapır. Layihənin elmi məsləhətçisi Akademik Nailə Vəlixanlıdır. Mətnin müəllifi və tərtibatçı tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır.

www.virtualkarabakh.az portalının yenidən gücləndirilməsi də həyata keçirilmiş fəaliyyətlərdəndir. Belə ki, portal müasir dövrün tələblərinə uyğun daha dinamik, müasir dizayn standartları ilə yenidən qurulub.

Layihələr nümayiş olunandan sonra nazir Azad Rəhimov çıxış edib. O, mərkəzin hazırladığı virtual-elektron məhsulların Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və ölkə gənclərinin məlumatlandırılması işində əhəmiyyətli olduğunu vurğulayıb: “İnanıram ki, bu filmlərdən və albomdan qarşıdakı dövrdə aparacağımız informasiya mübarizəsində təsirli vasitələrdən biri kimi səmərəli istifadə olunacaq. Bu layihələrin məqsədi Qarabağla bağlı gənclərimizi düzgün məlumatlandırmaq və erməni yalanlarına qarşı beynəlxalq miqyasda təbliğat imkanlarını artırmaqdır. Sözügedən layihələrin reallaşdırılmasında rolu olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Nazir qeyd edib ki, yüksək intellektə malik olmaq, milli-mədəni irsimizə sahib çıxmaq, tarixi həqiqətləri dərindən mənimsəmək və təbliğ etmək müasir gənclərimizin qarşısında duran əsas vəzifələrdəndir: “Düşünürəm ki, gəncləri müasir informasiya texnologiyalarından, internet resurslarından daha səmərəli istifadəyə təşviq etməklə, Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılması daim əsas fəaliyyət istiqamətlərimizdən olmalıdır. Bu baxımdan mərkəzin davamlı olaraq ictimaiyyətə təqdi etdiyi məhsulların əhəmiyyətini yüksək dəyərləndirirəm”.

Daha sonra AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Akademik Yaqub Mahmudov və digələri təqdim edilən layihələrin əhəmiyyətdindən söz açıb, Azərbaycan həqiqətlərindən, erməni vəhşiliklərindən danışıblar.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here