Zamansız

Onsuz yubana bilməyəcəyik bir-birimizə. Sən həmin gün evdən nə qədər gec çıxsan da, mən qulağımdakı mahnının ritmindən nə qədər tez atsam da addımlarımı, yubana bilməyəcəyik bir-birimizə. Bir-birimizə yubana bilməzdik. Atan ananı nə qədər gec tapır tapsın. Anan sevdiyi ilə evlənmək üçün nə qədər tələssə də, yubana bilməzdin sən mənə. 90-larda dükanlarda marqarin gözləyən və ya çörək üçün sıraya girən kütlə sırada nə qədər gözləyir gözləsin, bizim qarşılaşmağımıza dəxli yox idi bunun. Yüzillik müharibə nə qədər uzun və qanlı olur olsun. Tarix müəllimi o gün sinofə nə qədər gec gəlir-gəlsin. Tanklar şəhərə gec yerisə də qış gecəsində. Azadlıq gec və ya vaxtsız gəlsəə belə, zincirin harasından tutursan tut, yubana bilməzdik. Çünki, “ Bir qatar xəttində qatar hansı tərəfə gedir-getsin bütün yollar mərkəzə yaxınlaşdırır səni”- yəni bütün yollar mərkəzə çatmaq üçün var. Qovuşmağa- Səbəbsiz qarşılaşmağa, yubana bilməz insan. Ayrılağa isə yubana bilərsən amma… Ən azı ayrılanda səni biraz daha söhbətə tuta bilərdim. Həmin gün marşurut biraz daha gec gələ bilərdi və ya sənin soyuqluğunu ilk hiss etdiyim gün ayrıla bilərdim səndən, gec olmamış. Qismət? Yox bu qismət ola bilməz. Ayrılığın qismətə dəxli yoxdur. Qismət sadəcə qovuşanlar üçündür. Onsuz yubana bilməyəcəkdim səni unutmağa. Mən öləndə, çox sürətli axdı deyə durdu zaman. Baş daşım olan bu daş parçası məndən çox daha hərəkətli olduğu üçün sənə hərəkətsiz gəlir bəlkə də. Cisim işıq sürətini keçəndə hərəkətsizləşirmiş. Bunu da bildiklərin tərəfə yaz, məni isə unuda bilmədiklərin tərəfə. Artıq mən O, adam olmayacam. Nə qədər çeynənilsə də dərin fəlsəfənin sahibləri deyir ki, “ Bir yuyunduğun suda bir də yuyuna bilməzsən” Çünki hər şey axır. Su da… Amma bəlkə nə vaxtsa içdiyin suda olaram. Göz yaşında olaram bəlkə. Bəlkə şalvarının ayağına ilişən və günlərlə səndən əl çəkməyən çamurun içində olaram. Bəzən yoxluğuma içdiyin içkinin içində olaram. Bəlkə də sevgilinlə öpüşərkən, onun ağız suyundan nəfəs borusuna ilişib qalan damlacıq olaram bəlkə. Bunları bəlkələrin tərəfə yaz. Məni də unutduqların tərəfə.

Səfər Hüseynli

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here