Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yol tikilir

Paytaxtın Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun tikintisi işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir. Belə ki, 2,7 kilometr uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünü iki hissəyə böləcək 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş – 2 gəlişli olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr nəzərdə tutulub. İstiqamətləri ayırmaq məqsədilə 1 metr enində yol ayrıcının inşası da planlaşdırılır.

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellər (416 və 206 metr) inşa ediləcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də, Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here