CƏMİYYƏT 2020.11.10 22:50

Ədliyyə naziri Avropa Şurasının konfransında Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini ifşa edib

22

Noyabrın 9-da Yunanıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində üzv dövlətlərin ədliyyə nazirlərinin “Ədliyyənin müstəqilliyi və qanunun aliliyi” mövzusunda videoformatda konfransı keçirilib.

Ədliyyə Nazirliyindən bildirilib ki, tədbirin açılışında AŞ-nın Baş katibi, Avropa İttifaqının ədliyyə komissarı, AŞ Parlament Assambleyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) rəhbərləri tərəfindən çıxış edilərək COVID-19 qlobal pandemiyasının qanunun aliliyinə və ədalət mühakiməsinə təsirindən danışılıb.

Konfransın birinci sessiyasında ilk məruzə ilə çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə pandemiyanın qarşısının alınması üzrə görülən qəti tədbirləri vurğulayıb.

Bildirib ki, pandemiya İKT-lərin geniş tətbiqini və fəaliyyətin onlayn rejimə keçməsini stimullaşdırıb. Bu baxımdan “Elektron məhkəmə” informasiya sisteminin və onun mobil proqram təminatının tətbiqi karantin dövründə məhkəmələrə onlayn qaydada müraciət etmək, məhkəmə proseslərinin videoformatda keçirilməsi imkanlarını xeyli asanlaşdırıb, bu sahədə qanunvericilik təkmilləşdirilib.

Nazir koronavirus infeksiyasına yoluxma riski yüksək olan penitensiar sistemdə görülən tədbirlərə toxunaraq pandemiya dövründə respublika Prezidenti tərəfindən humanist siyasətinin təzahürü olaraq yaşı 65-dən yuxarı məhkumların əksəriyyətinin əfv olunduğunu, həbsə alternativ qətimkan tədbirlərinin və azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndiyini, cəza siyasətinin humanistləşdirilərək yüzlərlə məhkumun müxtəlif cəzalardan azad edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı, sərhədlərin bağlı olduğu pandemiya şəraitində hüquqi sahədə, o cümlədən ekstradisiya üzrə səmərəli əməkdaşlığı qeyd edərək, bu işdə qardaş Türkiyənin ədliyyə nazirinə təşəkkürünü ifadə edib.

Çıxışın əsas hissəsi Ermənistanın-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunaraq bildirilib ki, Ermənistan 30 ildir BMT Təhlükəsizlik Şurasının və tədbirdə sədrinin iştirak etdiyi AŞPA-nın qətnamələrinə məhəl qoymayaraq işğalda saxladığı torpaqlarımızı azad etməyib, danışıqlar prosesini qəsdən tamamilə pozaraq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməklə hərbi təxribatlara keçib.

Buna cavab olaraq Azərbaycanın BMT Nizamnaməsinə uyğun özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə heç bir kənar dəstək olmadan əks-hücum əməliyyatları həyata keçirdiyi bildirilib.

Avropa ədliyyə nazirlərinin və AŞ rəhbərliyinin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozaraq dinc əhalini məqsədyönlü şəkildə atəşə tutub və bu zaman qadağan olunmuş kassetli və fosforlu bombalardan, ballistik raketlərdən istifadə edib. Nəticədə uşaqlar və qadınlar daxil olmaqla 100-ə yaxın mülki vətəndaşların həlak olduğu, 400-dən çox insanın yaralandığı bildirilib.

Bütün bunlar insanlıq əleyhinə və müharibə cinayətləridir və bununla bağlı Ermənistan tərəfi beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumlar bu məsələdə ədalət naminə prinsipiallıq göstərməlidirlər.

Ədliyyə naziri onu da əlavə edib ki, döyüş meydanında tamamilə məğlub olmasına baxmayaraq Ermənistan öz vətəndaşlarını bilə-bilə, nahaqdan ölümə göndərir.
Ali Baş Komandanın rəhbərliyi ilə qələbə çalan Azərbaycan isə mənasız yerə qan tökülməsin deyə ümidvardır ki, Ermənistan reallıqla barışaraq işğal etdikləri qalan ərazilərimizi siyasi yolla ölkəmizə geri qaytaracaqdır.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı