BAXIŞ BUCAĞI 2020.04.22 17:51

Əhli-Beyt aşiqi sevdiklərinə qovuşdu

59

14 aprel 2020-ci ildə Türk-İslam dünyası öz dəyərli övladını – prof. Heydər Baş bəyi itirdi. Bu acı xəbər bütün Əhli-Beyti sevən insanları məyus etdi. “Tövhidin, birliyin mərkəzi Əhli-Beytdir. İslamda Əhli-Beytdən başqa yol yoxdur. Əhli-Beyti sevmək Uca Allahın və onun Rəsulunun əmri, imanın gərəyi, İslamın gerçəyidir” – deyərək yola çıxan prof. Heydər Baş, başda Hz. Muhamməd (ə), Hz. Əli (ə) və Hz. Fatimə (ə) olmaqla 12 İmamlarımızın (ə) həyatını və fəaliyyətlərini 15 cilddən ibarət “Əhli-Beyt külliyatı”nda qələmə aldı. Öz həyatında da yalnız Əhli-Beytin mübarək əxlaqını əsas götürən prof. Heydər Baş Türkiyənin demək olar ki, bütün bölgələrində Əhli-Beyt simpoziumları, proqramları, seminarları təşkil edərək insanların Əhli-Beyti tanımasına, öyrənməsinə və sevməsinə vəsilə olmuşdur. Bu əsərlərdə prof. Heydər Baş İslamda tək Haqq yolunun Əhli-Beyt yolu olduğunu və Əhli-Beytə tabe olmağın hər müsəlman üçün fərz olduğunu, onlara tabe olanların, yolunda gedənlərin qurtulacağını vurğulayır. Türkiyədə bir çoxlarının əsassız etirazları ilə qarşılaşan alim bu əsərlərinin mənbələrini əsasən indiyədək əsl həqiqətləri gizlədilməyə çalışılmış əhli sünnət alimlərinin əsərlərindən götürdüyünü, Əhli-Beyti sevmənin, Ona tabe olmanın ayələrlə, səhih hədislərlə sabit olduğunu isbat edərək həmin fitnə yaradanları, qaraguruhçuları susdurmuşdur. Alim yenə də həqiqətləri araşdıraraq bildirirdi ki, İmam Azam Əbu Hənifə, İmam Şafi, Əhməd Bin Hənbəli kimi məzhəb imamları da Əhli-Beyt yolunun yolçuları olublar və buna görə hətta işgəncələrə məruz qalıblar. Bu həqiqətlərin meydana çıxması ilə bütün dünyada müsəlmanların birliyi, sülh və əminamanlığı üçün heç bir maneə yoxdur. Lakin bu birliyi istəməyən qüvvələr davamlı olaraq süni şəkildə İslam aləmində qarşıdurmanı alovlandırırılar. Məhz belə qüvvələr hər zaman “Dini birlik – milli birliyin təminatıdır” fikrini də əsas götürən və təbliğ edən prof. Heydər Başın fəaliyyətinə hər vəchlə kölgə salmağa, mane olmağa çalışırdılar. Lakin nə qədər bu mənfur qüvvələr çalışsa da, həqiqətin yayılmasının qarşısını ala bilmədilər. “Hər batan günəş, doğmaq üçün batar. Bir gün mütləq cəhalətin qaranlığını elmin, irfanın, hikmətin, ədalət və mərhəmətin günəşi aydınladacaqdır” deyən prof. Heydər Baş elmi yolla, əsərləri ilə, yetişdirdiyi kadrlarla da müasir dövrümüzdə artıq bu birliyin əsasını qoydu. Azərbaycana və xalqımıza dərin sevgisi olan, ölkəmizi də öz doğma vətəni hesab edən prof. Heydər Başa Allah Təala rəhmət etsin, çox sevdiyi və həyatını həsr etdiyi Peyğəmbərimizə (ə) və Onun Əhli-Beytinə qonşu eləsin, ailəsinə və bütün sevənlərinə səbir versin.

ehlibeyt.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı