ƏSAS SƏHİFƏ

Əmək hüququmuzu bilirikmi?

730

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) www.mlspp.gov.az saytı əmək hüquqları ilə bağlı növbəti interaktiv sorğu keçirib.

Sorğu zamanı respondentlərə “Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin 84 faizi (1330 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını bildiklərini qeyd ediblər. Nəticədən göründüyü kimi son dövrlər ölkədə əmək qanunvericiliyinə əməl olunması, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılaraq obyektiv cavablandırılması istiqamətində həyata keçirilən tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb. Xüsusən də ötən ilin iyul ayının 1-dən etibarən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mövcud əmək münasibətlərinə birbaşa və çevik, obyektiv nəzarət imkanlarına malik olmasını təmin etməklə, əhalinin bu quruma inam və etimadının xeyli artmasına səbəb olub.

Sorğuda iştirak edənlərin 16 faizi isə (258 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını hələ də bilmədiklərini vurğulayıblar. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının fəaliyyəti barədə təbliğat-maarifləndirmə işlərinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkir.

Məlumat üçün bildirək ki, vətəndaşlar əmək hüquqlarının təminatı məsələləri ilə bağlı ƏƏSMN-ə, nazirlik yanında DƏMX-ə, yaxud Xidmətin müvafiq bölgə üzrə zona Dövlət Əmək Müfəttişliyinə yazılı və şifahi formada müraciət edə bilərlər. Eyni zamanda, son bir ildə vətəndaşların ƏƏSMN-ə müraciət imkanlarının genişləndirilməsi məqsədilə aparılan məqsədyönlü işlərdən biri kimi nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun şəkildə xeyli təkmilləşdirilib. Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlər kimi, əmək qanunvericiliyinə dair məsələlər üzrə, o cümlədən əmək hüquqlarının pozulması barədə də 142-“Çağrı mərkəzi”nə zəng vuraraq, 4 düyməsini basmaqla birbaşa müraciət etmək imkanlarına malikdirlər.

Mənbə: ANSPRESS

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı