CƏMİYYƏT 2020.05.26 00:37

Əməkdar artist: “Qardaşımın qatilini tapmayana kimi özümü bağışlamayacağam” – Görüntülər

80

“Ailədə üç uşaq olmuşuq: iki bacı, bir qardaş. Qardaşım saç ustası olub. Əslində qardaşımın qətli ilə bağlı məsələni ictimailəşdirmək istəmirdim. Amma belə alındı ki, hamı baş verənlərdən agah oldu. Bu məsələdə məni tənqid edib, ünvanıma nalayiq sözlər söylədilər. Elə məqamlar var ki, efirdə hər şeyi açıb danışa bilmirəm. Çünki efirə uyğun deyil. Bu mənim içimdədir. Məqsədim isə qardaşımın qatilini tapmaq idi. Ona görə efirə çıxıb qardaşımın arvadını axtarıb tapmaq istədim ki, bəlkə onun köməyi ilə mən nəsə öyrənə bilərəm”.

Bu sözləri Əməkdar artist Nahidə Orucova “MTV Azerbaycan” telekanalında yayımlanan “Söhbətsiz” şou proqramında mərhum qardaşı barədə bəhs edərkən deyib.

N.Orucova 23 ildir ki, qardaşını hansı səbəbdən qətlə yetirildiyini araşdırsa da, bu illər ərzində heç bir məlumat əldə edə bilmədiyini söyləyib:

“Qardaşım 23 ildir ki dünyasını dəyişib. Onu qətlə yetiriblər. Qardaşımın ölüm səbəbi, nə üçün qətlə yetirildiyi hələ də müəmmalı qalır. Heç bir məlumatım yoxdur. Araşdırma aparılıb. Qardaşımın evinə gedib-gələn yaxın dostunu qətli törətməkdə günahlandırıb, həbs etdilər. Düzdür, o öncə qardaşımı öldürdüyünü boynuna alsa da, sonra boynundan atdı.

Dedi ki, mən etməmişəm. 23 ildir ki, bu qətli araşdırıram. Amma heç bir informasiya əldə edə bilmirəm. Qardaşımın yoldaşı da bu məsələni araşdırdığıma görə qarşı çıxır. Qardaşımın arvadının qətl haqqında məlumatı var, sadəcə danışmaq istəmir. Mən də istəyirəm ki, o etiraf etsin, danışsın bildiklərini.

Mən özümü günahkar bilirəm ki, biz iki bacı evimizin sonbeşiyi olan qardaşımızı qoruyub saxlaya bilmədik. Çox pis oluram (ağlayır). Atam-anam öləndən sonra qardaşım mənim yanımda qaldı. O, xəstə olanda da ona mən baxdım. Mən ürəyimdə bu ağrı ilə düz 23 ildir ki yaşayıram.

O hadisə olanda ilk mənə zəng vurdular. Bütün o hadisələri mən öz gözlərimlə gördüm. Gördüklərim dəhşət idi… 23 ildir ki bu suallara cavab tapa bilmirəm: Kim? Nə üçün? Nəyə görə?”

Oxu.az
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı