BAXIŞ BUCAĞI 2020.12.18 11:28

“44 günlük Vətən savaşının qürurlu anları” – “Torpaq su ilə yoğrulanda palçıq, qanla yoğrulanda vətən olur!”

84

Əziz dost, biz dünyanın ən böyük gölü – Xəzərin qərb sahillərində yerləşən, zəngin sərvətləri, əhəmiyyətli coğrafi mövqeyi olan, Azərbaycan adlı bir ölkədə yaşayırıq. Kökü zamanın dərinliklərinə dayanan şanlı tariximiz var. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşmişik. Min illərdir ərazimizdən Şimalla Cənubu, Avropa ilə Asiyanı birləşdirən mühüm ticarət yolları keçir. Bu səbəbdən dünya mədəniyyətinin nailiyyətləri ilə hələ qədim zamanlardan tanışıq. Özgələrə münasibətdə qonaqpərvər, həssas və dözümlüyük. Sağlam qidalı mətbəximiz, insanın ruhunu oxşayan musiqimiz var. Hələ qədimlərdən bir sıra sənət sahələrində ad çıxarmışıq. Dünya mədəniyyətini zənginləşdirən dahi şəxsiyyətlər yetişdirmiş, ixtira və kəşflər etmişik. Səkkiz iqlim tipinə malik bərəkətli torpaqlarımız, yeraltı və yerüstü sərvətlərlə zəngin füsünkar təbiətimiz var. Bulaqlarımızın suyu saf və müalicəvidir. Ərazimizdə dəmir ağacından tutmuş, saqqız ağacınadək demək olar ki, hər şey bitir. Azərbaycan həm də uzun ömürlü insanların yaşadığı ölkədir.

Lakin ağbirçək Ana Yurdumuzun sinəsi çalın-çarpaz yaralarla doludur. Tarix boyu Vətənimiz saysiz hesabsız hücumlara məruz qalmış, minbir əziyyətlə qurub yaratdıqlarımız viran edilmiş, abad şəhər və kəndlərimiz xarabaya çevrilmişdir. Torpaqlarımızın hər qarışı oğul və qızlarımızın qanı ilə suvarılmışdır. Dəyərli insanlarımız əsir, sərvətlərimiz talan edilib yad ölkələrə aparılmışdır. Bu səbəbdən biz Azadlığı sevir, babamız Babək kimi “qırx il rəzil kölə kimi yaşamaqdansa, qırx gün azad yaşamağı” seçirik. Elə ona görə də bu nemət uğrunda dəfələrlə, iri və güclü dövlətlərlə müharibələr etmiş, sayı bilinməyən qurbanlar vermişik. Həm silahın, həm də siyasətin gücü ilə zaman-zaman qalib gəlib, öz dövlətimizi – yurdumuzun qalasını qurmuşuq. Çoxlu qəhrəmanlar, dahi sərkərdələr yetişdirmişik. Təsadüfi deyil ki, müdrik babalarımız: “Torpaq su ilə yoğrulanda palçıq, qanla yoğrulanda vətən olur!” -demişlər. Biz bu torpaqları qanımızla yoğurub Vətənə, qumaşını qanımızla boyayıb Bayrağa çevirmişik. Biz Azərbaycanlıyıq!

1990-cı ilin yanvar ayının sonları idi. Bakı təcavüzə məruz qalmış gəlin kimi dərin hüzn və sarsıntı içərisində idi. Soyq şimal küləyinin son yarpaqlarını sovurduğu sahildəki çılpaq ağaclar da Azadlıq meydanına toplaşmış yüz minlərlə insan kimi dərdli-dərdli üşüyür, için-için ağlayırdı. Tökülən şəhid qanı və göz yaşları sanki milyonlarla qırmızı-ağ qərənfilə çevrilib Zirvəyə gedən yollara düzülmüşdü. Xalq şəhidlərini dəfn etməyə hazırlaşırdı. Mən də oradaydım. Meydan qələbəlik olduğundan bir qədər aralıda dayanıb mərasimin başlanmasını gözləyirdim. Yaxınlıqda patrul xidmətini həyata keçirən üç silahlı rus əsgəri və bir zabit diqqətlə ətrafı müşahidə edirdi. Cibindən bir siqaret çıxarıb yandıran zabit, sanki özü ilə danışırmış kimi ucadan: “Biz bu xalqı diz çökdürə, kölə edə bilməyəcəyik! … Onlar azad olacaqlar!” dedi. Əsgərlərdən biri istehzalı təbəssümlə: “Niyə komandir?… Biz ki, bu çurkaların (rus xalq danışıq dilində qafqazlı, gicbəsər, qoyun, qanmaz və s.) anasını ağlatmış, paytaxtlarını almışıq!” deyə soruşdu. Zabit isə başı ilə küçələrə düzülmüş milyonlarla qərənfili və keçmiş Sovetlər Birliyinin ən böyük meydanına sığmayan izdihamı göstərərək: “O xalq ki, azadlığı uğrunda canından və pulundan keçir, o xalqa qalib gəlmək olmur!” dedi. Bu sözlər əzilmiş ruhuma qanad, yaralı qəlbimə məlhəm oldu. Mən qürurla oradan ayrılıb milyonlara birlikdə mərasimə qoşuldum.

Sonralar başımıza çox bəlalar gəldi. Faciə və fəlakətlər, acı məhrumiyyət və məğlubiyyətlər bizi bir müddət təqib etdi. Milyonlarla digər vətəndaşımız kimi həyat məni də sınağa çəkdi. Lakin bu çətinlik və məhrumiyyətlər mənim xalqıma, xalqımın da “Böyük qayıdış”a olan inamını sarsıtmadı. Məhz bu inamın təsiri ilə hələ 2015-ci ildə yazdığım “Qazilər marşı”nı bu misralarla başlamış:

Millətim dikələcək! … Vulkan olub püskürəcək!
Qəzəbindən zirvələrdə qayalar da titrəyəcək!
Aydınların söz qılıncı, cəsurların zərbəsiylə
Zülmün qanlı caynaqları bircə-bircə kəsiləcək!
Aşağıdakı misralarla bitirmişdim:
“Qalx!” əmrini verdiyi gün Komandan,
Al bayrağı, keç irəli, El də gəlsin arxandan.
Əz düşməni, qov yurdundan, yuvandan!
Sana salam yol gözləyən Laçından!

Bu misraların yazılmasından təqribən 1 il sonra – 2016-cı ilin aprelində, Şanlı Ordumuz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə ilk sarsıdıcı zərbəni vurdu. Müqəddəs torpaqlarımızın bir hissəsi azad edildi. Bu, “Böyük qayıdış”ın başlanğıcı idi. 27 sentyabr 2020-ci ildə isə Vətən tarixinin yeni, növbəti şanlı səhifəsi yazılmağa başladı. Hər sətri qanla yazılmış, qəhrəmanlıqlarla dolu 44 səhifə, Vətən savaşının 44 günü! Nələri yaşatdı, nələri öyrətdi, nələri göstərdi bu günlər bizə?! … Bir gözü ilə gülüb, digəri ilə ağlamağı, dəmir yumruq olub yağıları əzməyi, şəhadəti şərbət kimi içməyi, oğul itirib “Vətən sağ olsun!” deməyi, düşmənin 4 ilə tutub 30 il möhkəmləndirdiyi dəmir-beton sədləri 44 günə keçməyi, qəzəb, nifrət və dəhşətin tüğyan etdiyi bu qanlı-qadalı günlərdə belə düşmənə münasibətdə insan olaraq qalmağı, bir ölüb min doğulmağı, tibbin qanunlarına rəğmən yaralı əsgərləri ölümün caynağından qurtarmağı, təkcə mərmi və raketlə deyil, həm də sözün gücü ilə zəfər qazanmağı və daha nələri və nələri … “Tarixini unudan xalq onu təkrar yaşamağa məhkumdur!” demiş babalar. Bu həqiqəti unutmağımız bizə ömrümüzün 30 ili, 10 minlərlə dəyərli insanlarımızın qanı və canı bahasına başa gəldi. Lakin şükür Yaradana ki, o müqəddəs torpaqları, o torpaqlarla birlikdə, üstünə çamur atılmış şərəfimizi təmizləyib, qətlə yetirilmiş günahsız körpələrimizin, şəhid bacı və qardaşlarımızın qisasını ala bildik. Biz halal haqqımız olan o torpaqlara qayıtdıq və qayıdacağıq! Biz viran edilmiş o torpaqlara, yeni ruh, yeni can verəcəyik! Bu yolda bizə dəstək olanlarla çiyin-çiyinə addımlayacaq, qarşı çıxanları “Ohanyan xətti”ni əzdiyimiz kimi əzib keçəçəyik. Biz keçmişin ibrət dərslərini unutmayacaq, şəhidlərimizin mübariz ruhunu övladlarımızda yaşadacağıq. Çünki biz Azərbaycanlıyıq və biz bununla fəxr edirik! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan və onun rəhbəlik etdiyi Müzəffər Ordumuz! Qarabağ Azərbaycandır!

Aydın Allahverdiyev
Bakı şəhəri, Şəhid F.K.Tağıyev adına 72 saylı tam orta məktəb-liseyin tarix müəllimi

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı