ADNSU-da ” Bilik günü”

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2017/2018-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, fəxri qonaq qismində Millət vəkili Hikmət Babaoğlu, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, həmçinin universitetin professor və müəllim heyəti, eləcə də tələbələr iştirak edib.

“Bilik günü” münasibətilə tələbələri təbrik edən ADNSU-nun rektoru, professor M.Babanlı 2017/2018-ci tədirs ilinin qəbul göstəricilərini açıqlayıb.

“Bu il də universitetimizə qəbul göstəriciləri yüksək olub, hətta deyərdim ki, heç vaxt bu cür yüksək nəticə olmayıb. Belə ki, bu il 2620 nəfər bakalavr pilləsinə, 512 nəfər magistraturaya, 225 nəfər isə Sənaye Müəssiləri İşçilərinin İxtisasartırma və Yenidən Hazırlama İnstitutuna (SMİİYİ) qəbul olub. İlkin hesablamalara görə ADNSU-nun tələbəsi adını qazanan əcnəbi gənclərin sayı 200 nəfərdən artıqdır. Beləliklə, ADNSU-ya ümumilikdə qəbul olanların sayı 3500 nəfərdən artıqdır. Universitetin bakalavr pilləsində qəbul olan tələbələrdən 292 nəfəri 600-dən, 1000 nəfərədək isə 500-dən yüksək bal toplayıb. 1 nəfər tələbə isə prezident təqaüdünə layiq görülüb. Orta bal isə 439 bal təşkil edib”, – deyə ADNSU-nun rektoru, professor M.Babanlı bildirib.

Rektor M.Babanlı yüksək göstəricilərlə ADNSU tələbəsi adını qazanmış gənclərə yüksək səviyyədə təhsilin verilməsinin qarşıda dayanan ən mühüm məsələ olduğunu qeyd edərək universitetdə bu istiqamətdə iş aparıldığını diqqətə çatdırıb.

Tələbələri “Bilik günü” münasibətilə təbrik edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İ.Məmmədzadə “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda çıxış edib.

Millət vəkili Hikmət Babaoğlu tələbələrə tədris prosesində uğurlar arzulayıb və Azərbaycanın elm tarixində mühüm yer tutan dünyaşöhrətli neft korifeyləri yetişdirən Azİİ-ni seçdikləri üçün onları təbrik edib. “Mən əminəm ki bundan sonra da ADNSU-da Azİİ-nin tanınmış məzunları kimi istedadlı şəxsiyyətlər və neftçilər yetişəcək, ”- deyə H.Babaoğlu bildirib.

Sonra ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olmuş I kurs tələbələrinə tələbə biletləri və hədiyyələr təqdim edilib. Tədbirin sonunda 2016/2017-ci tədris ilinin yaz imtahan sessiyasında hər kurs üzrə bir qrup olmaqla üzrə ən yaxşı nəticə göstərən qruplar mükafatlandırılıb.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here