CƏMİYYƏT 2020.10.18 19:26

Aİ-nin Gəncə bəyanatı Ermənistana ciddi xəbərdarlıqdır

51

Azərbaycanın sentyabrın 27-dən başlatdığı əks-hücum əməliyyatları Ermənistan üçün fəlakətlə nəticələnir. Döyüş meydanında ağır məğlubiyyətlə üzləşən işğalçı ordu bunun heyifini mülki vətəndaşlarımızdan çıxmağa çalışır. Belə xain gedişlər daha çox Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket atışları ilə müşahidə edilir. Artıq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar Ermənistan rəhbərliyinin hərbi cinayətlərinə öz etirazlarını bildirir.
Erməni terroruna səssiz qalmayan Avropa İttifaqı (Aİ) oktyabrın 17-də gecə Azərbaycanın Gəncə şəhərinə həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib. Aİ-nin yaydığı bəyanatda bildirilib ki, mülki şəxslər və obyektlərin hədəfə alınmasına son qoyulmalıdır.

Avropa İttifaqının bəyanatı əslində Ermənistan üçün xəbərdarlıq və beynəlxalq təşkilatlar səviyyəsində ciddi etiraz reaksiyası kimi qiymətləndirilə bilər. Rəsmi İrəvan bir neçə dəfə bu cür hərbi cinayətlər törətsə də, əksər beynəlxalq təşkilatlar hadisələrin üstündən susaraq keçmişdilər. İndi Azərbaycanı özünə strateji tərəfdaş hesab edən Avropa ölkələrini birləşdirən təşkilat haqlı mövqe sərgiləməklə erməni terroruna qarşı olduğunu göstərdi.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a məsələni şərh edərək deyib ki, regionda baş verən hadisələr Aİ-ni ilk gündən narahat edirdi. Amma ciddi etiraz bəyanatının verilməməsi erməni tərəfinin əl –qolunu açmışdı. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti bundan sonra daha çox beynəlxalq qınaqla üzləşəcək:

“Öncə bu məsələyə diqqət çəkim ki, niyə son günlər məhz Azərbaycanın ikinci böyük şəhəri dayanmadan atəş altında saxlanılır? Əvvəla müharibənin gedişində baş verən proseslər göz önündədir ki, erməni ordusu çox nizamsız və uğursuz şəkildə hərəkət edir. Döyüş meydanında qısa zamanda uduzub torpaqlarımızı tərk edən erməni hərbçiləri mülki obyektləri vurmaqla acıq çıxmağa çalışır. Amma beynəlxalq aləm də görür ki, qarşı tərəfdən fərqli olaraq bizim ordumuz mülki obyektləri vurmur. Dövlət başçısı dəfələrlə bəyan edib ki, bizim əsas hədəfimiz hərbi obyektlərdir və Ermənistan ərazisində zərrə qədər də maraqlarımız yoxdur. İndiyə kimi hansısa Ermənistan şəhərində binanı uçurmağımızı bizə göstərə bilməzlər. Amma biz aşkar şəkildə xəbərdarlıq etmişik ki, hərbi obyektlərin yaxınlığında olan istənilən mülki və hərəkət edən obyekt zərərsizləşdiriləcək. Bütün bunlar işğal olunmuş rayonlarda döyüşlər gedən ərazilərə aiddir. Gəncə isə nəinki Dağlıq Qarabağdan xeyli kənardadır, heç orada Ermənistan ordusunu vuran hərbi obyektlər belə yoxdur. Ona görə də yaşayış məntəqələrinin təhlükəli raketlərlə vurulmasına reaksiya verməmək mümkün deyildi”.

Aİ-nin etiraz bəyanatını bir çox qurumlara nümunə göstərən politoloq bəzi beynəlxalq təşkilatların bu faciəni görməzlikdən gəlməsini anormal hal sayır: “Avropa İttifaqı etiraz bəyanatı yaymaqla Gəncə təxribatına reaksiya verirsə, deməli, hərbi cinayət faktlarını görür, onu qiymətləndirir və belə xain hücumların əleyhinə olduqlarını nümayiş etdirir. Bütün dünya bu hadisəni aşkar təxribat, ağır hərbi cinayət kimi görməli idi. İndi bizdən atəşkəsi, danışıqlar masası arxasında oturmağı tələb edirlər. Bu cür şəraitdə necə onların “humanist” təklifləri ilə razılaşaq ki, müvəqqəti atəşkəs dövründə belə ağır hücumlarla üz-üzə qaldıq?

Atəşkəs qarşı tərəfə ona görə lazımdır ki, işğalı uzatsın və istehkamlarını möhkəmlətsin, yeni hərbi qüvvələr toplaya bilsin. Beynəlxalq təşkilatlar da gözəl anlayırlar ki, hərbi rejim Qarabağdakı ərazilərimizi bir-bir itirmələri səbəbindən Mingəçevir, Gəncə və digər yaşayış məntəqələrimizi vurur. Dünyanın bundan sonra erməni təxribatlarının qarşısını ala biləcəyinə inanmıram. Elə ən yaxşı cəza üsulu hərbçilərimizin irəliləməsidir. Yeri gəlmişkən, bu gün də Xızıya raket atılması ilə bağlı xəbərlər gəldi”.

Elxan Şahinoğlunun sözlərinə görə, Avropada da gözəl anlayırlar ki, əhalini qorxu içində saxlamaq döyüş ruhu olmayan, iqtisadi, hərbi potensialı aşağı olan ermənilərin köhnə taktikasıdır. Ona görə də biz beynəlxalq təşkilatlarla daha sıx işləməliyik və onlara bir daha bəyan etməliyik ki, erməni tərəfinin mülki əhalini daha çox hədəf alması ilə bağlı etiraz bəyanatları ciddiyə alınsın. Ekspert bu gün Avropa üçün mühüm əhəmiyyətə malik ölkənin Ermənistan deyil, məhz inkişaf edən Azərbaycan olduğunu vurğulayıb. Ölkəmizin iqtisadi potensialına görə əksər Aİ ölkələri ilə sıx əməkdaşlığın olduğunu xatırladan politoloq təşkilatın regionda özünə strateji tərəfdaş kimi ən yaxın bildiyi dövlətin məhz Azərbaycan olduğunu deyib:

“Bizimlə sıx əməkdaşlıq Avropa ölkələrinin maraq dairəsindədir. Yaxın müddətdə TAP layihəsi işə düşəcək ki, bununla təbii qaz Avropaya daha çox çıxacaq. Yəni bu gün bu qitə Azərbaycanın ərazi bütövlüyünün bərpası və sabitliyində, Qarabağın geri qaytarılmasında maraqlı olmalıdır. Düzdür, bəzi Avropa dövlətləri tapıldı ki, hazırkı savaşımızda birtərəfli mövqe sərgilədilər. Amma indi onlar da davranışlarını korrektə edirlər. Düşünürəm ki, Avropada bizim dostlarımız daha çoxdur. Şərqi Avropa ölkələri – Rumıniya, Polşa, Çexiya, Latviya, Litva birmənalı olaraq bizim ərazi bütövlüyümüzə dəstək göstərir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı