CƏMİYYƏT 2020.11.04 13:20

Ali Baş Komandan ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini formalaşdırır – Ramil Usubov

41

Ali Baş Komandanımız indi tək Azərbaycanın deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini formalaşdırır. Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib. General-polkovnik bu prosesə lokal müstəvidə – Azərbaycan miqyasında baxılması ilə razılaşmadığını deyib: “Liderimizin fəaliyyətinin mühüm qlobal təsir gücü var ki, bu, Qafqaz bölgəsinə də təsirsiz ötüşməyəcək və nəticə etibarilə hətta Avroatlantik məkanda yeni korrektlərə, mühüm düzəlişlərə rəvac verəcək.

Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi möhtərəm Prezidentimizin sayəsində sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşacaq”.

R.Usubov bildirib ki, cənab İlham Əliyevin Azərbaycanın timsalında bütün Qafqazda yaradacağı yeni təhlükəsizlik konfiqurasiyası bölgənin qədimdən indiyədək davam edən savaşlar və itkilər tarixini, mənzərəsini tamamilə dəyişdirmək gücündədir: “O, Qarabağa tarixi ədalət, Qafqaza isə davamlı sülh və möhkəm təhlükəsizlik gətirir. Möhtərəm cənab Prezidentin Qarabağ bölgəsində yaratdığı yeni durum əslində bütün bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına təkan verəcək. Həm də yüzilliklər boyu fövqəldövlətlərin toqquşan maraqları zəminində qaynar nöqtəyə çevrilən Qafqazda artıq məlum güclərin təsir və təzyiqləri də minimuma enəcək.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu münaqişənin ən böyük ziyanını erməni xalqı çəkir. Məhdud iqtisadi potensiala malik bu ölkənin vətəndaşları cüzi büdcələrinin əsasən ədalətsiz savaşa yönəlməsi və dövlətlərinin bütün enerji və logistik layihələrdən kənarda saxlanılaraq tam təcrid edilməsi nəticəsində səfalətə məhkum olunub. Zamanla Ermənistanın zərəri daha da artacaq, ölkə tam iflasa sürüklənəcək. Bu baxımdan bu gün yaranmaqda olan status-kvo erməni xalqı üçün böyük bir şansa çevrilə bilər. Həm dövlətləri külli miqdarda savaş xərclərindən azad olunar, həm də Azərbaycanla imzalanacaq yeni müqavilələr onların, nəhayət ki, müstəqil dövlət quruculuğuna başlamalarına imkan yaradar. Bu baxımdan tam əsasla deyə bilərəm ki, Prezident İlham Əliyevin Qarabağa gətirdiyi tarixi ədalət Ermənistana da əsl müstəqillik gətirəcəkdir. Buna görə də erməni xalqı müdriklik göstərməli, öz hakimiyyətini yeni Qafqaz iqtisadi-siyasi-təhlükəsizlik konfiqurasiyasında yaranmış yeni reallıqlarla hesablaşmağa məcbur etməlidir”.

Təhlükəsizlik Şurasının katibi deyib ki, Qafqazın sülhə qovuşması və möhkəm təhlükəsizlik halqasına çevrilməsi bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini də dəfələrlə artıracaq, yeni resursları üzə çıxaracaq: “Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün faydalı, səmərəli fürsətdir, inkişafları üçün real zəmindir.

Silahlı Qüvvələrimizin müzəffər qələbələri nəticəsində müəyyənləşəcək yeni status-kvo Azərbaycanı artıq Qafqazın yalnız iqtisadi gücü kimi deyil, həm də bütün istiqamətlər üzrə şəriksiz lideri statusunu birdəfəlik möhkəmləndirəcək. İndi Azərbaycan Avroatlantik məkanda mühüm iqtisadi-siyasi amilə çevrilərək, beynəlxalq miqyasda mühüm faktor kimi qəbul ediləcək. Bu status-kvo eyni zamanda cənab İlham Əliyevin regional rəhbərlik statusunun miqyasını daha da genişləndirərək onu qlobal platformada nüfuzlu dünya liderləri ilə bir sıraya çıxarır.

Həmçinin bundan sonra etnik separatizmlə üzləşən ölkələr problemlərini həll etmək üçün çox effektiv modelə – cənab İlham Əliyevin müəllifi olduğu “Qarabağa ədalət gətirən siyasət” nümunəsinə istinad edəcəklər. Yəni dövlət başçımız dünyanı bürüyən və getdikcə artan etnik separatizm təhlükəsinə güclü zərbə vuraraq ərazi bütövlüyü prinsipinin pozulmazlığını beynəlxalq miyqasda birmənalı təsbit etdi.

Cənab Prezidentin Dağlıq Qarabağ ərazisində onilliklər boyu formalaşan terrorçuluq, qanunsuz narkotik, silah qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirməsi həm də Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə növbəti mühüm töhfəsidir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı