AMEA-nın alimləri Suraxanı məktəblilərinə kimya fənnini tədris edəcəklər

AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Razılaşmaya əsasən, Neft-Kimya Prosesləri İnstitutunun alimləri rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olan 15 nəfər şagirdi 2017-ci il sentyabrın 15-dən 2 il müddətində kimya fənnindən hazırlaşdıracaqlar. Həftədə 2 dəfə institut alimləri rayonun Heydər Əliyev Mərkəzində şagirdlərlə kimyadan məşğələlər keçəcək və ayda 1 dəfə onların institutun laboratoriyalarında görülən işlərlə tanışlığı təşkil ediləcək. Şagirdlər institut tərəfindən əlavə dərs vəsaitləri ilə təmin olunacaqlar. Hər rübdə bir dəfə institut alimləri tərəfindən hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə şagirdlər üçün sınaq testləri keçiriləcək.

Bu məqsədlə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət ediblər.

Əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində çıxış edən icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısından danışıb. O qeyd edib ki, son 14 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunub.

Sonra akademik Vaqif Abbasov çıxış edərək şagirdlərə və kimya müəllimlərinə öz tövsiyələrini verib.

Sonda şagirdlərin və müəllimlərin sualları cavablandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here