ELM VƏ TƏHSİL

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri ilə elmi əlaqələrin qurulması prosesinə start verib

181

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) nümayəndələri ilə Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətlərinin (TEC) sədrləri və üzvləri arasında görüş baş tutub.

Şuranın və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən görüşdə məqsəd elmlə təhsilin inteqrasiyası çərçivəsində ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

Tədbiri giriş sözü ilə THİK sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov açaraq görüşün əhəmiyyətindən və perspektivlərindən danışıb. Bildirib ki, təmsil etdiyi universitetin əsas məqsədlərindən biri tələbə, magistr və gənc alimlərin elmə adaptasiyası, xüsusilə beynəlxalq elmi dairələrə inteqrasiyada məhsuldar nəticələrin alınmasına nail olmaqdır.

Daha sonra Şura sədri, fizika elmləri üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək Akademiyada elmlə təhsilin vəhdəti ilə bağlı görülən işlərdən danışıb. Alim Şuranın 4 illik fəaliyyəti dövründə elmlə təhsilin inteqrasiyasını əsas prioritetlərdən biri kimi qəbul etdiyini, şagird, tələbə, magistr və gənc tədqiqatçılar üçün elmin populyarlaşdırılması istiqamətində silsilə layihələrin həyata keçirildiyini söyləyib. F.Salmanov “Magistr-2017” və “Texnostart-2017” kimi layihələrə gələcək təhsil ocaqlarının, o cümlədən BDU-nun gənclərinin cəlb ediləcəyini deyib.

Tədbirdə Şura üzvləri yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə, həmçinin BDU-nun Fizika fakültəsinin TEC sədri, fizika elmləri üzrə fəlsəfə doktoru, dosent Arif Orucov, Geologiya fakültəsinin TEC sədri, geologiya-mineralogiya elmləri doktoru, professor Nazim İmanverdiyev, Biologiya fakültəsinin TEC sədri Nurlan Əmrahov, Şərqşünaslıq fakültəsinin üzvü Taleh Mansurov və digərləri çıxış edərək gənc tədqiqatçıların elmi nəticələrinin nəşri, mövcud müvafiq fondların imkanlarından istifadə, eksperimental və analitik tədqiqatların həyata keçirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Sonda TEC-in tələbə və magistrləri üçün AMEA-da “Açıq qapı” günü və seminarların təşkilinə dair razılıq əldə olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı