Ana və körpə sağlamlığına həsr olunan simpozium keçirilib

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Zaltsburq tibbi seminarlar proqramı Avstriya İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Ana və körpənin sağlamlığı” mövzusunda neonatoloq, pediatr və ginekoloqların iştirakı ilə simpozium keçirilib. Simpoziumu giriş sözü ilə açan institutun direktoru, professor Nazim Qasımov deyib:

-Sağlam körpə sağlam cəmiyyət deməkdir. Ona görə də cəmiyyətin fiziki sağlamlığının ana bətnindən başladığını söyləsək, yəqin ki, səhv etmərik. Ölkəmizdə 2014-2020-ci illəri əhatə edən ana və körpələrin sağlamlığı haqqında Dövlət Proqramı qəbul olunub. Bizim institut da bu sahədə xeyli işlər görür, o cümlədən tibbi təhsilin keyfiyyətini müasir dünya standartlarına uyğunlaşdırmaq məqsədilə tədrisin müxtəlif növ və formaları həyata keçirir. Tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılmasında beynəlxalq təhsilin əhəmiyyəti çox yüksəkdir. Bu günkü simpoziumda Avstriyanın Qrats Tibb Universitetinin professoru Fridrix Reiterer neonatologiyanın aktual problemləri mövzusundakı mühazirəsi də həmin məqsədə xidmət edir.

Direktorun giriş sözündən sonra avstriyalı mütəxəssisi tribunaya dəvət olunub.

Professor əvvəlcə özünün çalışdığı universitetin fəaliyyət və iş prinsipi haqqında məlumat verəndən sonra simpoziumun mövzusuna keçib. O, öz ölkəsində doğuşların sayı, ana və körpə sağlamlığına yanaşma üsulları barədə məlumat verib. Yenidoğulmuşlarda ciyənin bağlanması, ürək döyüntülərinin qiymətləndirilməsi, körpəyə oksigen verilməsi, vaxtında doğulma, vaxtına yaxın, hipoksik doğulma və erkən doğulma zamanı körpəyə göstərilən tibbi yardım və yenidoğulmuşun vəziyyətindən asılı olaraq kliniki yardım tədbirləri, uşaq sağlamlığı ilə əlaqədar konkret vəziyyətlərdə Avstriya klinikalarında göstərilən yardım və müalicə üsulları, habelə bir sıra digər məsələlər haqqında ətraflı məruzə edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here