Noyabrın 1-i Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 14 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaradolaq, Hacılar kəndləri, Füzuli rayonunun Arayatlı, Alxanlı, Şükürbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc kəndi, Şah, Şıxarx, Narlıq qəsəbələri və Ş.İ.Xətai küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd idarə olunan raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 41 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 01 noyabr 2020-ci il tarixlərində 1 063 siqnal (əməliyyat çağırışı) əsasında 894 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 311 ədəd partlamamış hərbi sursat (PHS), 1 627 ədəd piyada əleyhinə mina, 276 ədəd tank əleyhinə mina, 460 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 151 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 20 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 640 ədəd partlamış raket hissələri aşkar olunub.