Arxeoloqlar üçün yeni tədqiqat əsəri

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmlər doktoru Tufan Axundovun “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri” əsəri nəşr edilib.

Elektron kitab formatında olan əsər Qarabağın qədim əkinçi və maldarları ilə bağlı tədqiqatın əsasını qoymuş mərhum arxeoloq İdeal Nərimanovun 90 illiyinə həsr edilib.

Əsər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun fondunda saxlanılan Qarabağ neoliti ənənəsi abidələrinin arxeoloji materiallarının kolleksiyasını elmi dövriyyəyə daxil edir. Bütün material üç qrupla təmsil olunur. Birinciyə hələ də tədqiq edilməmiş abidələrdən toplanmış kolleksiyaların fotoillüstrasiyaları daxildir. İkinci və üçüncü qruplar İlanlıtəpə və Çalağantəpə məskənlərinin qazıntılarından əldə edilmiş material kolleksiyalarının foto və qrafik təsvirlərindən ibarətdir. Kitabda təqdim edilmiş hər bir abidə barədə qısa məlumat verilib. İlanlıtəpə və Çalağantəpənin tədqiqatları zamanı aşkar edilən tikililərin, istehsal qurğularının, həmçinin kolleksiyaların çöl inventarı siyahısının təsviri verilib. Əsər hər iki abidənin kolleksiyalarında saxlanılan bütün növ tapıntıların təsvirləri ilə tamamlanıb.

Əsər, ilk növbədə, peşəkar arxeoloqlar üçün nəzərdə tutulub, eyni zamanda, Azərbaycanın qədim əhalisinin arxeoloji ənənəsi ilə maraqlanan hər bir kəs üçün maraqlı ola bilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here