MEDİA VƏ QHT 2019.12.13 16:18

Arzuman Abdulkərimov: “Əgər sən bu mübarizəyə qoşulmursansa, deməli gücsüzlüyünü etiraf edirsən”

201

“Adətən sosial bazası olmayan, seçkilərdə uğur qazanacağına ciddi şəkildə şübhə edən siyasilər və onların rəhbərlik etdikləri partiyalar bu və ya digər seçkilərdə iştirak etməkdən yayınırlar”.

Dialoq.info xəbər verir ki, bu fikirləri “OLAYLAR”-a Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov Milli Şura adlanan qurumun növbədənkənar parlament seçkilərini boykot etməsi qərarına münasibət bildirərkən səsləndirib. AVP rəsmisi onu da qeyd edib ki, Milli Şura adlanan qurumun seçkilərdə iştirak etməməsini əslində seçkini boykot etmək kimi qələmə vermək də doğru deyil: “Çünki boykot geniş anlam kəsb edir və ölkədə fəaliyyət göstərən bütün müxalifət partiyaları seçkilərə qatılmaqdan imtina edirsə, o zaman seçkilərin boykot edildiyini söyləmək mümkündür. Hazırda isə Azərbaycanda situasiya tamamilə başqadır. Ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının böyük əksəriyyəti seçkilərdə iştirak qərarı verib və artıq namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. Yalnız Milli Şura adlanan qurumda təmsil olunan AXCP və bu partiyanın ətrafına toplaşan 5-10 nəfər seçkidə iştirakdan imtina edib. Ona görə də onların seçkilərdən imtina etməsini boykot kimi qələmə vermək düzgün deyil”.

Arzuman Abdulkərimov onu da bildirib ki, Milli Şuranın, xüsusilə də Əli Kərimlinin seçkidə iştirakdan imtina etməsi başadüşüləndir: “Heç bir sosial bazası, ciddi dəstəyi olmayan bir siyasi qüvvə hansı ümidlə, hansı perspektivlə seçkiyə getsin. Onlar gözəl bilirlər ki, seçkilərdən biabırçı məğlubiyyətlə ayrılacaqlar. Yəni, əvvəlcədən məğlubiyyətlərini gördükləri üçün seçkidən imtina edirlər”. Bütün bunlara baxmayaraq AVP rəsmisi deyib ki, istənilən siyasi partiya və qurum ölkədə keçirilən bu və ya digər seçkidə iştirak etməlidir: “Seçki mübarizə meydanıdır, hakimiyyətə gəlmək üçün əsas vasitədir. Əgər sən bu mübarizəyə qoşulmursansa, deməli gücsüzlüyünü etiraf edirsən. O zaman siyasi səhnəni də tərk et və daha potensiallı, daha perspektivli simalar ortaya çıxsın və sözün əsl mənasında siyasətlə məşğul olsunlar”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı